Tramp özü ilə bağlı əfv fərmanı verəcək - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasının üzvləri və yaxın köməkçiləri üçün prezidentlik müddətinin sonunda qabaqlayıcı əfv fərmanları imzalamağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə CBS News-a müsahibəsində danışıb.
ABŞ lideri 2029-cu ilin yanvarında başa çatacaq prezidentlik müddətinin sonuna qədər çoxsaylı əfv qərarları verəcəyini bildirib.
“Çox sayda əfv fərmanı imzalamaq niyyətindəyəm”, - Tramp qeyd edib.
O, Ağ Evdəki Oval kabinetə yaxın olmuş şəxslərin belə gələcəkdə mümkün hüquqi təqiblərdən qorunmasını istədiyini zarafatla ifadə edib.
Trampın sözlərinə görə, ölkəyə xidmət etmiş və yaxşı iş görmüş insanların sonradan hüquqi problemlərlə üzləşməsini istəmir. O, özünün də dörd il ərzində müxtəlif hüquqi proseslərə qarşı mübarizə apardığını xatırladıb.
Müsahibə zamanı ABŞ prezidentindən özünə qabaqlayıcı əfv fərmanı verib-verməyəcəyi də soruşulub. Tramp buna ehtiyac görmədiyini desə də, belə bir addımın haqsız olmayacağını düşündüyünü bildirib. Özünü əfv etmək səlahiyyətinin olub-olmadığı barədə suala isə “Bəli, məncə, var” cavabını verib.
Qeyd edək ki, ABŞ prezidentinin əfv səlahiyyəti Konstitusiyanın II maddəsi ilə müəyyən edilir və federal cinayətlərə şamil olunur. Prezidentin özünü əfv etmək səlahiyyətinə malik olub-olmaması isə ABŞ hüquq sistemində indiyədək qəti şəkildə həll edilməmiş mübahisəli məsələdir.
Oğuz