Qan şəkəri düşəndə bu səhvi ETMƏYİN - Şokolad niyə kömək etmir?
Qanda şəkərin kəskin azalması zamanı şokolad yemək əvəzinə tez sorulan karbohidratlardan istifadə etmək tövsiyə olunur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Şahin Məmmədov paylaşım edib.
Həkim bildirib ki, şokolad şirin olsa da, tərkibindəki yağ şəkərin qana sorulmasını ləngidə bilər. Bu səbəbdən qan şəkəri düşəndə onun sürətlə yüksəlməsi üçün şokolad ilk seçim hesab olunmur.
Şahin Məmmədov bu vəziyyətdə 15-15 qaydasına əməl etməyi tövsiyə edib. Onun sözlərinə görə, yetkin şəxsin qan şəkəri 70 mq/dl-dən aşağıdırsa, lakin huşu özündədirsə və uda bilirsə, ona 15 qram tez sorulan karbohidrat verilməlidir.
Bunun üçün təxminən 120 ml meyvə şirəsi, bir xörək qaşığı şəkər tozu az miqdarda suda həll edilərək və ya bir xörək qaşığı bal istifadə oluna bilər.
15 dəqiqədən sonra qan şəkəri yenidən ölçülməlidir. Göstərici hələ də aşağıdırsa, eyni miqdarda tez sorulan karbohidrat təkrar qəbul edilməlidir.
Həkim huşunu itirmiş və ya uda bilməyən şəxslərə ağızdan su, şirə və ya hər hansı qida verilməməsinin vacibliyini vurğulayıb. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalıdır.
Aytən