Rusiyadan qalxan sanksiyalı təyyarənin SİRRİ - Putin dünən İsrailə kimi göndərib?
Rusiya Müdafiə Nazirliyinə məxsus, ABŞ-nin sanksiya siyahısında yer alan hərbi təyyarə İsrailə uçub.
SAVASHMEDİA.az xəbər verir ki, noyabrın 8-də Moskva yaxınlığındakı Çkalovski Hərbi Hava Bazasından havaya qalxan Tupolev Tu-154M təyyarəsi Təl-Əviv yaxınlığındakı Ben Qurion beynəlxalq hava limanına eniş edib.
İsrail mətbuatının məlumatına görə, RA-85042 qeydiyyat nömrəli təyyarə Rusiya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən 223-cü Uçuş Bölməsinə məxsusdur. Bu bölmə kommersiya sərnişindaşımaları ilə məşğul olmur, əsasən hərbi qulluqçuların, hökumət nümayəndələrinin və digər rəsmi şəxslərin daşınmasını həyata keçirir.
Məlumata əsasən, sözügedən təyyarə 2023-cü ilin may ayından ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındadır. Məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı hərbi fəaliyyəti ilə əlaqədar tətbiq edilib.
İsrail ordusu məsələ ilə bağlı şərh verməkdən imtina edib. Rusiya tərəfi də uçuşun məqsədinə dair hər hansı rəsmi açıqlama yaymayıb.
Təyyarənin diplomatik səfər, hərbi təmaslar və ya başqa bir tapşırıq çərçivəsində İsrailə gəldiyi məlum deyil. Həmçinin onun göyərtəsindəki şəxslərin İsrail rəsmiləri ilə görüş keçirib-keçirmədiyi barədə də məlumat yoxdur.
ABŞ-nin sanksiya tətbiq etdiyi Rusiya hərbi təyyarəsinin İsrailə səfərinin səbəbi və mümkün təmasların mahiyyəti hələ də naməlum olaraq qalsa da, məsələ ilə bağlı bir neçə ehtimal ortaya atılıb:
1.Diplomatik təmaslar: Təyyarə Rusiya hökumətinin və ya Müdafiə Nazirliyinin nümayəndələrini İsrailə aparıb. Moskva ilə Təl-Əviv arasında həssas regional məsələlər müzakirə edilib.
2. Hərbi koordinasiya: Suriya və ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə bağlı iki ölkə arasında məxfi və ya əvvəlcədən razılaşdırılmış təmas baş tutub.
3. Xüsusi missiya: Təyyarə hərbi əsirlərin, saxlanılan şəxslərin və ya digər şəxslərin mübadiləsi, yaxud xüsusi nümayəndələrin daşınması üçün istifadə edilib.
4. Təhlükəsizlik və kəşfiyyat məsələləri: Regional gərginlik fonunda Rusiya və İsrail müəyyən təhlükəsizlik məlumatlarını mübadilə edib.
Banu