Orbanın qardaşı insan qaçaqmalçılığı şübhəsi ilə SAXLANILDI - Vyetnamlılara nə edib?

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban miqrantların qanunsuz yolla sərhəddən keçirilməsi və insan qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb.

Nov 9, 2026 - 18:40
Orbanın qardaşı insan qaçaqmalçılığı şübhəsi ilə SAXLANILDI - Vyetnamlılara nə edib?

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı Macarıstanın baş naziri Peter Madyar sosial şəbəkədəki paylaşımında açıqlayıb. O, Aron Orbanın saxlanıldığını və istintaqın davam etdiyini bildirib.

Macarıstan polisi də paytaxt Budapeşt və Peşt bölgəsində bir neçə ünvanda əməliyyat keçirildiyini, şübhəli şəxslərin saxlanıldığını və evlərdə axtarış aparıldığını təsdiqləyib. 

Nə baş verib?

Araşdırmanın diqqət çəkən məqamlarından biri Aron Orbanla əlaqəli şirkətin fəaliyyəti ilə bağlıdır. Macar mətbuatının yazdığına görə, həmin şirkət Vyetnam vətəndaşlarını Peç Universitetində iki günlük xilasetmə kurslarına yazdırıb. Bu kurslarda iştirakla bağlı sənədlər isə onların Macarıstan, dolayısı ilə Şengen vizası almasını asanlaşdırıb.

İddialara görə, Aron Orban viza müraciətlərinə daha tez baxılması üçün baş nazirin səlahiyyətli nümayəndəsindən də kömək istəyib. Bu məlumatlar hələ istintaq çərçivəsində araşdırılır və təqsirlilik barədə yekun qərar yoxdur. 

Viktor Orbanın reaksiyası

Keçmiş baş nazir qardaşının saxlanılmasını siyasi təzyiq kimi qiymətləndirib. O, sosial şəbəkədə yazıb: “Hədəf mənəm, qardaşım isə sadəcə vasitədir”. 

Səlcuq