Ukraynaya 2,5 milyard dollarlıq əlavə yardım ayrıldı – Bayden
ABŞ prezidenti Co Bayden dekabrın 30-da ölkəsinin Ukraynaya təhlükəsizlik məqsədilə təxminən 2,5 milyard dollar yardım təqdim edəcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev bu barədə Baydenin bəyanatını yayıb.
ABŞ prezidenti qeyd edib ki, Ukrayna xalqı öz müstəqilliyini və azadlığını Rusiya təcavüzündən qorumağa davam etdiyi üçün Ukraynaya təxminən 2,5 milyard dollarlıq təhlükəsizlik yardımı elan etməkdən qürur duyur.
“Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hücuma başlayandan bəri Birləşmiş Ştatlar Ukrayna xalqını dəstəkləmək məqsədilə dünyanı bir araya gətirdi və mənim əsas prioritetim qalib gəlməsi üçün Ukraynaya lazım olan dəstəyi verməkdir. Mənim rəhbərliyim altında Birləşmiş Ştatlar vəzifədə qaldığım vaxt ərzində bu müharibədə Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan çalışmaqda davam edəcək”, - deyə Bayden əmin edib.
Bəyanatda bildirilir ki, ölkənin Müdafiə Nazirliyi USAI-nin qalan bütün vəsaitini ayırıb.
Xatirə SADİQ