Skott Bessentdən xəbərdarlıq - “Rusiyaya açıq siqnal göndəririk…”

Bu gecə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skott Bessent faydalı qazıntılar üzrə saziş imzalayıblar.

May 1, 2025 - 12:33
Skott Bessentdən xəbərdarlıq - “Rusiyaya açıq siqnal göndəririk…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ukraynalı nazir “Facebook”da və ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ-nin maliyyə naziri Scott Bessent ilə birlikdə mən ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzaladım. ABŞ Fonda töhfə verir. Onlar vəsaitdən əlavə, bunu yeni yardımla da - məsələn, Ukrayna üçün hava hücumundan müdafiə sistemləri ilə edə bilərlər. Biz gözləyirik ki, ilk 10 il ərzində fondun gəlirləri və ianələri bölüşdürülməyəcək, ancaq Ukraynaya yatırıla bilər – yeni layihələrə və ya bərpaya. Bu şərtlər əlavə olaraq müzakirə olunacaq”, - deyə Sviridenko diqqətə çatdırıb.

Bessent isə deyib ki, ölkəsi bu addımla Rusiyaya açıq siqnal göndərir. “Birləşmiş Ştatlar bu qəddar və mənasız müharibənin sona çatmasına kömək etməyə sadiqdir. Bu razılaşma Rusiyaya açıq siqnal göndərir ki, Tramp administrasiyası uzunmüddətli dövr üçün mərkəzində azad, suveren və firavan Ukrayna olan sülh prosesinə sadiqdir. Prezident Tramp Amerika xalqı ilə Ukrayna xalqı arasında bu tərəfdaşlığı həm uzunmüddətli sülhə, həm də Ukraynada rifaha hər iki tərəfin sadiqliyini nümayiş etdirmək üçün dizayn edib. Və başa düşülməlidir ki, Rusiya döyüş maşınını maliyyələşdirən və ya təchiz edən heç bir dövlətə və ya şəxsə Ukraynanın yenidən qurulmasından faydalanmasına icazə verilməyəcək”, - deyə amerikalı nazir vurğulayıb.

Sviridenko yerin təki müqaviləsinin əsas müddəalarını sadalayıb:

•    Bütün resurslar Ukraynanın mülkiyyətində qalır – bu, müqavilədə nəzərdə tutulub.

•    İnvestisiya fondu 50/50 prinsipi əsasında yaradılır. Ukrayna və ABŞ Fondu birgə idarə edəcək. Heç bir tərəf hakim səsə malik olmayacaq.

•    Müqavilə özəlləşdirmə proseslərində və ya dövlət şirkətlərinin idarə edilməsində dəyişiklik nəzərdə tutmur - onlar Ukraynaya məxsus olmaqda davam edəcəklər. “Ukrnafta” və “Energoatom” kimi şirkətlər dövlətin əmlakında qalır.

•    Sazişdə Ukraynanın ABŞ qarşısında hər hansı borc öhdəliyindən bəhs edilmir.

•    Müqavilə Konstitusiyaya uyğundur və Avropaya inteqrasiya kursunu dəyişmir.

•    Sənəd milli qanunvericiliyə uyğundur və Ukraynanın heç bir beynəlxalq öhdəliklərinə zidd deyil.

•    Fond yalnız yeni lisenziyalardan əldə edilən gəlirlə doldurulacaq. Söhbət kritik materiallar və neft-qaz sahəsində layihələr üçün yeni lisenziyalardan gələn vəsaitin 50%-dən gedir ki, bu da Fond yaradıldıqdan sonra büdcəyə daxil olacaq. Artıq başlanmış layihələr üzrə gəlirlər və ya büdcədə nəzərdə tutulmuş gəlirlər Fonda daxil edilmir.

•    Qanunvericilikdə edilən dəyişikliklər yalnız məqsədyönlüdür. Fondun fəaliyyəti üçün yeganə tələb büdcə məcəlləsinə dəyişikliklərdir. Müqavilənin özü Ali Rada tərəfindən ratifikasiya edilməlidir.

•    ABŞ DFC (Development Finance Corporation) agentliyi vasitəsilə Ukraynaya investisiya, texnologiya və innovasiya cəlb etməkdə kömək edəcək.

•    Fondun gəlirləri və üzvlük haqları nə ABŞ-də, nə də Ukraynada vergiyə cəlb edilmir.

Xatirə SADİQ