"Azəriqaz"ın anbarlarında niyə sayğac qalmayıb? - Süni böhran, yoxsa...
Qış mövsümü ərəfəsində rayon qaz xidmət sahələrində sayğac çatışmazlığı yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki, “Azəriqaz” İstehsalat Birliyinin rayon qaz xidmət sahələrinin anbarlarında, demək olar ki, qaz sayğacları qalmayıb.
Mirvari Qəhrəmanlı bildirib ki, qış yaxınlaşdıqca nasaz, işlək vəziyyətdə olmayan və kiplik problemi yaranan sayğacların yeniləri ilə əvəzlənməsi aktuallaşır. Lakin bu istiqamətdə problem hələ də həllini tapmayıb.
Təşkilat sədri yerli istehsalın imkanlarından istifadə edilməməsini qınayıb:
“Ölkədə Gəncə Cihazqayırma Zavodu kimi istehsal müəssisəsi mövcud olduğu halda, Azəriqaz İB nə üçün qaz sayğaclarının tədarükü məsələsində həmin zavodun istehsal imkanlarından yetərincə istifadə etmir?”
O qeyd edib ki, son dörd ildə Gəncə Cihazqayırma Zavodu “Azəriqaz”ı 500 mindən artıq qaz sayğacı ilə təmin edib. Həmin sayğacların istismar göstəricilərinə əsasən, nasazlıq ehtimalının cəmi 0,05 faiz olduğu bildirilir.
“Yerli istehsal müəssisəsi mövcud olduğu, istehsal və təchizat imkanlarını nümayiş etdirdiyi halda, bu gün rayon qaz xidmət sahələrinin sayğac təminatında yaranmış çatışmazlığın səbəbi nədir?” - Mirvari Qəhrəmanlı sual edib.
O, qış mövsümü başlamazdan əvvəl problemin təxirəsalınmadan həll edilməsinin vacibliyini vurğulayıb.
Səlcuq