Azərbaycan məscidinə erməni şairin adı verildi - İrandan YENİ TƏXRİBAT

İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.

Nov 10, 2026 - 17:28
Nov 10, 2026 - 17:34
Azərbaycan məscidinə erməni şairin adı verildi - İrandan YENİ TƏXRİBAT

SAVASHMEDİA.az xəbər verir ki, açılış mərasimində Ermənistanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi iştirak edib.

İranın Ermənistandakı səfirliyinin məlumatına görə, təşəbbüs Çarentsin ədəbi irsinə, İran mədəniyyəti və ədəbiyyatına marağına, eləcə də Göy məscidin qorunmasına verdiyi töhfəyə ehtiram məqsədi daşıyır.

Açıqlamada şairin İranın mədəni və ədəbi irsinə, xüsusilə fars şairi Firdovsinin məşhur “Şahnamə” poemasına böyük maraq göstərdiyi vurğulanıb.

Mərasim Göy məsciddə “Şahnamə” əsərinin erməni dilinə tam tərcüməsinin təqdimatı ilə eyni tədbir çərçivəsində keçirilib. Təqdimatda İranın vitse-prezidenti, ölkənin Ermənistandakı səfiri Xəlil Şirqolami, alimlər, iranşünaslar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Səfirlik bildirib ki, növbəti mərhələdə mərasim zalında Yeqişe Çarentsin büstünün də qoyulması planlaşdırılır.

Qeyd edək ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilmiş Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm memarlıq abidələrindən biridir.

Səlcuq