SOCAR-dan narazı olan NEFTÇİLƏRİN MÜRACİƏTİ - Vəzifəlilər helikopterlə, fəhlələr isə...

Çilov adasında çalışan neftçilərin nəqliyyat problemi illərdir həllini tapmır. 

Nov 10, 2026 - 13:19
SOCAR-dan narazı olan NEFTÇİLƏRİN MÜRACİƏTİ - Vəzifəlilər helikopterlə, fəhlələr isə...

SAVASHMEDİA.az xəbər verir ki, küləkli hava şəraitində işə gedə bilməyən fəhlələrə boşdayanma yazıldığı, vəzifəli şəxslərin isə helikopterlə daşındığı bildirilir.

Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft və Qazçıxarma İdarəsində çalışan və Çilov adasından müraciət edən neftçilərin şikayətini ictimaləşdirib.

İşçilər bildiriblər ki, küləkli havalarda adaya gedib-gəlmək üçün istifadə olunan kiçik gəmilərin hərəkəti təmin edilmir. Nəticədə həmin günlərdə mühəndis və fəhlələrə boşdayanma yazılır.

Neftçilərin sözlərinə görə, bu qayda idarə rəislərinə, müavinlərə və digər vəzifəli şəxslərə şamil olunmur. Onlar əlverişsiz hava şəraitində helikopterlə daşınır. Çilov adasına hər gün helikopter reysləri həyata keçirilsə də, sıravi işçilərin həmin nəqliyyatdan istifadəsinə icazə verilmir.

Müraciət müəllifləri bunu ayrı-seçkilik kimi qiymətləndirir və problemin uzun illərdir davam etdiyini bildirirlər.

Onların fikrincə, nəqliyyatın təşkili işəgötürənin məsuliyyətidir. İşçilərin hava şəraiti səbəbindən işə gedə bilməməsinə görə boşdayanma yazılması isə nəqliyyat təminatındakı problemin nəticəsidir.

Neftçilər SOCAR rəhbərliyindən məsələyə diqqət yetirilməsini və dəniz şəraitində çalışan bütün əməkdaşların nəqliyyat probleminin həllini istəyirlər.

Aytən