Pensiyalarla bağlı 2027-ci il PROQNOZU - Artım nə qədər olacaq?
Azərbaycanda pensiyaların 2027-ci ildə nə qədər artırılacağı indidən maraq doğurur.
SAVASHMEDiA.az xatırladır ki, mövcud əməkhaqqı göstəriciləri mümkün artımla bağlı təxmini hesablama aparmağa imkan verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manata çatıb.
Qüvvədə olan qaydalara əsasən, əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların 9,3 faiz artırılması da bu prinsip əsasında həyata keçirilib.
Bəs 2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Əgər 2026-cı ilin yekununda orta aylıq nominal əməkhaqqının artım tempi təxminən 7-8 faiz səviyyəsində formalaşarsa, əmək pensiyalarının da oxşar həddə indeksləşdirilməsi mümkün ola bilər. Bu, rəsmi proqnoz deyil, hazırkı göstəricilərə əsaslanan şərti hesablamadır.
Məsələn, artım 7 faiz olarsa, hazırda 500 manat pensiya alan şəxsin aylıq ödənişi 535 manata, 600 manat alan şəxsin pensiyası isə 642 manata çata bilər. Artım 8 faiz təşkil edərsə, bu məbləğlər müvafiq olaraq 540 və 648 manat olar.
Qeyd edək ki, 2027-ci il üzrə dəqiq artım faizi 2026-cı ilin yekun statistik göstəriciləri əsasında müəyyənləşəcək.
Səlcuq