İsraildə hökumət böhranı - Netanyahu razılığa gələ bilmədi

İsraildə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.

Nov 23, 2026 - 09:38
İsraildə hökumət böhranı - Netanyahu razılığa gələ bilmədi

SAVASHMEDİA.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası ilə Qadi Eyzenkotun lideri olduğu Yaşar Partiyasının nümayəndələri dörd saat davam edən görüşdə razılığa gələ bilməyiblər.

Noyabrın 22-də Təl-Əviv yaxınlığındakı Herzliyada keçirilən görüşdə tərəflər əsas siyasi məsələləri müzakirə etsələr də, ortaq mövqe formalaşmayıb. Nümayəndələr danışıqların davam etdiriləcəyini bildiriblər. 

Tərəflər arasında əsas fikir ayrılıqlarından biri hökumətin kim tərəfindən idarə olunacağıdır. Netanyahu baş nazir postunun müəyyən müddətdən sonra Eyzenkotla bölüşdürülməsi variantını dəstəkləyir. Eyzenkot isə Netanyahunun rəhbərlik etdiyi hökumətdə təmsil olunmağa qarşıdır.

Digər mübahisəli məsələ ultra-sağçı İtamar Ben-Qvirin rəhbərlik etdiyi partiyanın yeni hökumətə daxil edilib-edilməməsidir. Eyzenkotun düşərgəsi buna qarşı çıxır.

Qeyd edək ki, oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib. Eyzenkotun rəhbərlik etdiyi bloka 48 mandat verilib. Ona hökuməti formalaşdırmaq üçün dekabrın 6-dək vaxt tanınıb.

Oğuz