Səttar Mehbalıyevin oğlu polis işlədiyi vaxt bunu necə edə bilib? - SİRR KİMİ FAKTLAR
Deputat Səttar Mehbalıyevin oğlunun Dubayda aldığı daşınmaz əmlaklar və bu ölkədə yaşayış hüququ əldə etməsinin ilginc detalları açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun yazdığına görə, Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Dubayda yerləşən “Marsa Dubai” yaşayış kompleksində qeydiyyatdadır. Həmin ünvanda onunla yanaşı, boşandığı iddia olunan həyat yoldaşı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qızı Safiyə Mehbalıyeva və iki övladı da yaşayır.
Cavanşir Həsənli bildirir ki, İsfəndiyar Mehbalıyev 2022-ci ildən Birləşmiş Ərəb Əmirliklərində 10 illik “Golden Visa” ilə yaşayır. Bu viza Dubayda azı 2 milyon dirhəm (təxminən 1 milyon manat) dəyərində daşınmaz əmlak investisiyası əsasında əldə edilib.
Fotoda İsfəndiyar Mehbalıyev
Lakin jurnalistin diqqət çəkdiyi əsas məqam İsfəndiyar Mehbalıyevin Dubayda yaşayış hüququnu 2022-ci ildən əvvəl almasıdır.
Jurnalistin iddiasına görə, Mehbalıyev 2017-ci ildə, polis orqanlarında xidmət etdiyi vaxt Dubay Torpaq Departamentinin TASKEEN proqramı əsasında müvəqqəti yaşayış icazəsi əldə edib. Bu icazə 2022-ci ildə “Golden Visa” alana qədər qüvvədə olub. O, polis orqanlarındakı xidmətini isə 2021-ci ildə başa vurub.
Bildirilir ki, İsfəndiyar Mehbalıyev “Marsa Dubai” kompleksində hər birinin sahəsi 80,49 kvadratmetr olan iki mənzil alıb. Mənzillər kompleksin 1001 və 1401 saylı mənzilləridir. Onların kadastr nömrələri 156986391 və 156989399-dur.
TASKEEN proqramı nədir?
Dubay Torpaq Departamentinin təqdim etdiyi TASKEEN proqramı daşınmaz əmlak alan xarici investorlara yaşayış icazəsi əldə etmək imkanı yaradır. Bu status müəyyən şərtlər daxilində BƏƏ-də yaşamaq, bank hesabı açmaq və ailə üzvlərinə sponsorluq etmək hüququ verir.
Qanunvericiliklə bağlı suallar
Araşdırmaçı jurnalistin fikrincə, İsfəndiyar Mehbalıyevin polis orqanlarında xidmət etdiyi dövrdə xarici ölkədə yaşayış hüququ əldə etməsi hüquqi qiymətləndirmə tələb edir.
Oğuz