Rza Talıbovun Dubayda daha bir mülkü üzə çıxdı – Xan oğlunun MACƏRALARI + FOTOLAR
Naxçıvanın keçmiş rəhbəri Vasif Talıbovun oğlu Rza Talıbovun Dubayda daha bir lüks daşınmaz əmlaka sahib olduğu bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalist yazır ki, Rza Talıbovun Dubaydakı çoxsaylı mülkləri məlum olsa da, onun Dubai Hills ərazisində yerləşən villası indiyədək diqqətdən kənarda qalıb.
Cavanşir Həsənlinin bildirdiyinə görə, Rza Talıbov Dubayın lüks yaşayış kompleksi olan Emerald Hills-in (Dubai Hills Estate) rəsmi mülkiyyətçi siyahılarında da yer alır.
Belə ki, Rza Talıbov eksklüziv Emerald Hills qolf meydançasının ərazisində ümumi sahəsi 3 386 kvadratmetr olan iki torpaq sahəsi alaraq onları birləşdirib və burada dəbdəbəli villa tikdirib.
Söhbət reyestr sənədlərində Emerald Hills-P-156 (1 715,53 kvadratmetr) və Emerald Hills-P-157 (1 670,11 kvadratmetr) kimi göstərilən torpaq sahələrindən gedir. Həsənli bildirir ki, mülkiyyətçi siyahılarında Rza Talıbovun əlaqə nömrəsi də qeyd olunub.
Villanın yerləşdiyi ərazidən 18 dəlikli Dubai Hills Golf Club qolf meydançasına, lüks yaşayış evlərinə və uzaqda yerləşən Bürc Xəlifə ilə Downtown Dubai göydələnlərinə mənzərə açılır.
Cavanşir Həsənli əmlakın ehtimal olunan dəyərinə də toxunub. Onun apardığı qiymətləndirməyə əsasən, 3 400 kvadratmetrə yaxın torpaq sahəsinin boş vəziyyətdə bazar dəyəri 99-123 milyon dirhəm (27-33,5 milyon dollar) arasında dəyişə bilər.
Ərazidə ultra-lüks malikanə tikildiyi nəzərə alınarsa, əmlakın ümumi dəyərinin 180-270 milyon dirhəmə, yəni təxminən 49-73,5 milyon dollara çata biləcəyi bildirilir.
Qeyd edək ki, Wikipedia məlumatına görə, Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışır.
Xatırladaq ki, Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.
Oğuz