Mübariz Əhmədoğlu Borçalılıları bu sözlərlə TƏHQİR ETDİ - ÜZR İSTƏYƏCƏK?

Politoloq Mübariz Əhmədoğlunun Borçalı azərbaycanlıları haqqında səsləndirdiyi sərt fikirlər etirazla qarşılanıb.

Nov 21, 2026 - 18:53
Nov 21, 2026 - 20:29
Mübariz Əhmədoğlu Borçalılıları bu sözlərlə TƏHQİR ETDİ - ÜZR İSTƏYƏCƏK?

SAVASHMEDİA.az xəbər verir ki, politoloq İrəvandakı Göy məscidin erməniləşdirilməsi məsələsinə münasibət bildirərkən Borçalılıları hədəfə alıb.

O, etirazlara səbəb olan həmin çıxışında belə deyib:

“Borçalılar İrəvanda Göy məscidin erməniləşdirilməsinə qarşı çıxmadıqlarına görə kişili-arvadlı hamısına ar olsun. Sabah onların qadınları erməni və iranlıların ayaqları altında qalacaq”.

Əhmədoğlu noyabrın 21-də yaydığı geniş açıqlamasında isə İranın Gürcüstanda yaşayan azərbaycanlılara dini-ideoloji təsir göstərdiyini iddia edib. O, bölgədəki qadınların geyim tərzini Xomeyni ideologiyası ilə əlaqələndirib.

Politoloq yazıb:

“Borçalıda qadınların geyimi İran İslam İnqilabının lideri Seyid Ruhulla Musəvi Xomeyninin tərtib etdiyi geyim formasıdır, onun Quran-Kərimə heç bir aidiyyəti yoxdur. Yeganə bir məqsədi var: kişilərin saqqalının quruluşuna, qadınların da hicabına görə İrana məxsusluqları bilinsin”.

O, həmçinin Borçalı azərbaycanlılarının xarici ölkələrdə İranın xeyrinə casusluq ittihamı ilə saxlanıldığını iddia edib.

Politoloq Marneulidəki İmam Əli məscidinin axundu Hacı Hacıyevi də tənqid edib. Ona müraciətlə belə deyib

“Axundun azərbaycanlı kimliyinə şübhəsi varsa, özü sakitcə minbəri təhvil verib sürüşüb getsin İranda yaşasın. Çünki qabaqda çox böyük qan var”.

Əhmədoğlunun açıqlaması Borçalı ziyalıları və ictimai fəalların etirazına səbəb olub. Onlar bütöv bir bölgənin bu şəkildə təhqir edilməsini qəbuledilməz hesab edərək politoloqdan ictimaiyyət qarşısında üzr istəməsini tələb ediblər.

Oğuz