Azərbaycan millisi elə biabırçılığa yol verib ki... - UEFA araşdırır, cəzası olacaq
Azərbaycan millisinin Andorra üzərindəki qələbəsindən sonra qarşılaşmanın protokolu ilə bağlı ciddi iddia ortaya çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, UEFA İntizam Komitəsinin Andorra - Azərbaycan (1:3) matçında baş verən qayda pozuntusunu araşdırdığı bildirilir.
Söhbət görüşün 64-cü dəqiqəsində yaşanan hadisədən gedir. Həmin vaxt Emin Mahmudov əvəzlənərkən kapitanlıq sarğısı Bədavi Hüseynova verilib. Lakin yayılan məlumatlarda Hüseynovun qarşılaşmanın rəsmi iştirak ərizəsində olmadığı qeyd edilir.
Diqqət çəkən başqa bir məqam isə AFFA-nın oyunöncəsi paylaşdığı heyət siyahısıdır. Həmin siyahıda da Bədavi Hüseynovun adına rast gəlinməyib.
Sosial şəbəkələrdə yayılan iddialara əsasən, AFFA rəhbərliyi matçdan sonra yaranan sualların qarşısını almaq üçün heyət paylaşımının silinməsinə göstəriş verib. Nəticədə müvafiq post Facebook və Instagram səhifələrindən götürülsə də, Threads hesabında qalıb.
Əgər iştirak ərizəsi ilə bağlı iddialar təsdiqlənərsə, Azərbaycan millisini ciddi sanksiya gözləyə bilər. Hətta komandanın tarixində ilk dəfə texniki məğlubiyyətlə üzləşməsi ehtimalı da gündəmə gəlib.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik AFFA tərəfindən rəsmi açıqlama verilməyib.
Oğuz