"Toyuq əti ona görə bahalaşır ki, əhali kasıbdır" - Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Azərbaycanda toyuq ətinin bahalaşmasının səbəblərini açıqlayıb.

Oct 3, 2026 - 13:49
"Toyuq əti ona görə bahalaşır ki, əhali kasıbdır" - Natiq Cəfərli

SAVASHMEDİA.az xəbər verir ki, Natiq Cəfərli qiymət artımının quş əti istehsalının azalması ilə bağlı olmadığını bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayında Azərbaycanda 53 min ton quş əti istehsal olunub. Ötən ilin eyni dövründə isə bu göstərici 51 min ton təşkil edib.

“Yəni, istehsalda azalma yoxdur”, - iqtisadçı bildirib.

Cəfərli qiymət artımının bir neçə səbəbdən qaynaqlandığını vurğulayıb. Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən dizel yanacağının 10 faiz bahalaşması yem və hazır məhsulların daşınma xərclərinə təsir edib.

Bundan başqa, quş əti istehsalçılarının əlavə tənzimləmə qaydaları və nəzarətedici qurumların fəaliyyəti ilə bağlı maliyyə yükünün artdığı, eləcə də yem və dərmanların bahalaşdığı qeyd olunub.

İqtisadçı əsas səbəblərdən birinin isə qırmızı ətin qiymətinin kəskin artması olduğunu bildirib:

“Nəhayət ən vacib məsələlərdən biri - qırmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır”.

Natiq Cəfərli toyuq ətinin bahalaşmasını əhalinin gəlirləri və ərzaq xərcləri ilə də əlaqələndirib.

“Nə qədər qəribə səslənsə də, toyuq ətinin bahalaşması kasıblıq, yoxsulluq göstəricisidir”, - o bildirib.

Səlcuq