Tiflisdə bu gecə sakit keçib – Polis nümayişçiləri dağıtmayıb

Tiflis şəhərində Avrointeqrasiyanın dayandırılmasına qarşı etirazların yeddinci gecəsi sakit keçib.

Dec 5, 2024 - 14:21
Tiflisdə bu gecə sakit keçib – Polis nümayişçiləri dağıtmayıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gecə minlərlə nümayişçi yenidən parlament qarşısında toplaşıb. Onlar etiraz etməklə yanaşı, mahnılar oxuyub, kabab bişirib və Rusiya bayrağını yandırıblar. 

Aksiyanın başlamasından öncə Azadlıq meydanında əvvəlki günlərdə olduğu kimi xüsusi təyinatlı polis dəstələri düzülüb. Bu dəfə polis etirazçıları dağıtmayıb, aksiya iştirakçıları isə atəşfəşanlıqdan istifadə etməyib.

Amma yerli medianın xəbərinə görə, polis parlamentin yaxınlığında metrodan çıxanların üzərində axtarış aparıb və bəzi şəxsləri saxlayıb. Bundan başqa, dekabrın 4-dən hakimiyyət pirotexnika mağazalarının fəaliyyətini məhdudlaşdırıb.

Şəhərin mərkəzində müxalifət liderlərinin məsləhətləşdiyi otelin qarşısında dava düşüb. Polis “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili və fəal Zurab Datunaşvilini saxlayıb.

Bir gün əvvəl isə qrup zorakılığının və xuliqanlığın təşkili ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində müxalifət partiyalarının və fəalların ofislərində axtarışlar aparılıb. Axtarışlar zamanı “Molotov kokteyli”nin tapıldığı iddia edilir. Müxalifətdə olan “Droa” partiyasında polisin müsadirəsi qarət adlandırılıb. 

“Dafioni” gənclər hərəkatının, “Vahid Milli Hərəkat”ın gənclər qanadının nümayəndələri, eləcə də “Dəyişikliklər uğrunda Koalisiya”nın lideri Nika Qvaramiya saxlanılıb. Qvaramiya Marneuli şəhərindəki müvəqqəti saxlama məntəqəsinə göndərilib. 

Xatirə SADİQ