Parlament hökumətə etimadsızlıq göstərdi – Fransada 

Fransa parlamenti Mişel Barnye hökumətinə etimadsızlıq göstərilməsi ilə bağlı qərar qəbul edib. 

Dec 5, 2024 - 14:44
Parlament hökumətə etimadsızlıq göstərdi – Fransada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Səsvermə zamanı deputatların mütləq əksəriyyəti – 331 nəfər baş nazirin istefasına səs verib. “Le Parisien” yazıb ki, 1962-ci ildən bəri ilk dəfədir deputatlar hökuməti istefaya göndərirlər.

Baş nazirin istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyi bildirilir. 

Barnye 2025-ci ilin sosial sığorta büdcəsi haqqında qanunu deputatların təsdiqi olmadan qəbul etdikdən sonra vəzifəsindən azad edilib. Sənəddə büdcə xərclərinin 40 milyard avro azaldılması və vergilərin, ümumiyyətlə, 20 milyard avro artırılması təklif edilirdi. 

Qanunun qəbuluna nail olmaq istəyən Barnye deyib ki, büdcəyə məmnunluq xatirinə qənaət etmir və pul paylamağa üstülük vermək istərdi. O, çərşənbə günü parlamentdə deyib ki, istefası büdcə reallığını dəyişməyəcək. 

Barnye bu vəzifədə cəmi 90 gün qaldı. Prezident yeni baş naziri təyin edənədək Barnye və hökuməti öz işini davam etdirəcək. 

Müxalifət prezident Makronu istefaya çağırsa da, o, bundan imtina edib.

Qeyd edək ki, prezident son seçkilərdən sonra bir il ərzində parlamenti buraxa bilməz. Parlament seçkiləri iyulun 8-də keçirilib. 

Xatirə SADİQ