Türkiyənin tanınmış jurnalisti həbs olundu
Halk TV-nin proqramçısı və jurnalist İsmail Saymaz haqqında həbs qərarı çıxarılıb.
SAVASHMEDİA.az bu barədə “Sözçü” qəzetinə istinadən xəbər verir.
Qəzet yazır ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində jurnalist İsmail Saymazın Gəzi parkı hadisələri ilə bağlı müttəhimlərlə yaxın əlaqədə olması, aksiyalarda fəal iştirak etməsi, sosial şəbəkələrdə çaşdırıcı məlumatlar yayaraq vətəndaşları hüquq-mühafizə orqanlarına qarşı təhrik etməyə çalışması iddiaları ilə saxlanıldığı bildirilib.
Halk TV-nin məlumatına görə, Saymazın vəkili ilə görüşməsinə icazə verilmədiyi öyrənilib. Saxlanılan Saymaz həyat yoldaşına “Lütfən çatdırın. Hazırda “Türkiyə Cümhuriyyəti hökumətini güc və zorakılıqla devirmək” cinayətinə görə saxlanılıram” söylədiyi bildirilib.
1980-ci ildə Rizədə anadan olan İsmayıl Saymaz Mərmərə Universitetini bitirib. Jurnalistika karyerasına Rizədə başlayıb, sonra İstanbul, Konya kimi şəhərlərdə yerli qəzetlərdə çalışıb. 2002-ci ildə “Radikal” qəzetində işə başlayıb.
Hazırda Halk TV-nin proqramçısı olan İsmail Saymaz insan haqları və fikir azadlığı ilə bağlı reportajlar hazırlayıb və bu mövzularda kitablar nəşr edib.
Xatirə SADİQ