Məkkə Paktından sonra Bədr İTTİFAQI – Türkiyədən YENİ HƏMLƏ
Oktyabrın 21-də Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Bədr” Anlaşma Memorandumu imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutan imzalanma mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Qətərin müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Əl-Sani, İndoneziyanın müdafiə naziri Şafri Şamsuddin və Pakistanın müdafiə naziri Xoca Məhəmməd Asif iştirak ediblər.
Memorandum birgə hərbi istehsal, texnologiya transferi, tədqiqat və inkişaf, eləcə də texniki təlim sahələrində əməkdaşlığı nəzərdə tutur. Sənədin əsas məqsədi dörd ölkə arasında çoxtərəfli müdafiə sənayesi istehsal şəbəkəsinin yaradılmasıdır.
Türkiyənin Müdafiə Sənayesi Başkanlığının koordinasiyası ilə həyata keçiriləcək əməkdaşlıq çərçivəsində birgə istehsal layihələrinin hazırlanması, təchizat zəncirlərinin inteqrasiyası, texnologiya və bilik transferinin genişləndirilməsi planlaşdırılır.
Memorandum həmçinin tərəflərin hərbi imkanlarının gücləndirilməsini, texniki təlimləri və birgə tədqiqat-inkişaf fəaliyyətlərini əhatə edir.
Xatırladaq ki, bir müddət əvvəl, avqust 7-də Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında “Məkkə” Müdafiə Paktı da imzalanıb.
“Məkkə paktı ilə “Bədr” memorandumu arasında fərq nədir?
“Bədr” memorandumu ilə "Məkkə" Müdafiə Paktı arasındakı əsas fərq onların məqsədləri və əhatə dairəsi ilə bağlıdır.
“Bədr” memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığa yönəlib. Sənəd çərçivəsində birgə hərbi istehsalın təşkili, müdafiə texnologiyalarının inkişafı, texnologiya transferi və təchizat zəncirlərinin inteqrasiyası nəzərdə tutulur.
"Məkkə" Müdafiə Paktı isə tərəflərdən birinə hücum ediləcəyi təqdirdə digər ölkələrin hərbi müdaxiləsini məcburi edən birgə müdafiə öhdəliyini ehtiva edir.
Banu