“Tesla” sərmayədarının səbri daşdı - “İlon Mask istefa verməlidir”

“İlon Mask hökumətdəki işindən imtina etmədiyi təqdirdə “Tesla”nın baş direktoru vəzifəsindən getməlilidir”.

Mar 19, 2025 - 13:38
“Tesla” sərmayədarının səbri daşdı - “İlon Mask istefa verməlidir”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tesla”nın ilk investorlarından biri olan Ross Gerber “Sky News” telekanalına müsahibəsində deyib.

“Artıq kiminsə “Tesla”ya rəhbərlik etməsinin vaxtıdır. Bu biznes çox uzun müddətdir diqqətdən kənarda qalıb. “Tesla”nın çox vacib işləri var. Ona görə də ya İlon “Tesla”ya qayıtmalı və onun baş direktoru olub digər işlərindən imtina etməlidir, ya da diqqətini hökumətə cəmləyib, gördüyü işi davam etdirməlidir, amma “Tesla”ya uyğun baş direktor tapmalıdır”, - deyə Gerber vurğulayıb.

O, əlavə edib ki, şirkət böhran içindədir və Maskın hökumətdəki işi onun son aylarda əhəmiyyətli miqdarda səhm satmasının bir neçə səbəblərindən biridir. Gerberin sözlərinə görə, sosial şəbəkələrdəki yazılar və Trampla işləmək “Tesla”ya həddən artıq mənfi reklam gətirib.

“İlon Musk şirkətin nüfuzunu darmadağın etdi. Satışlar kəskin şəkildə aşağı düşür, buna görə də bəli, bu, böhrandır. Baş direktor ixtilaf səpdiyindən, siz bazardakı ən yaxşı məhsulu sata bilmirsiniz”, - deyə investor vurğulayıb. 

“Tesla”nın bazar dəyəri dekabr ayından bəri 800 milyard dollardan çox azalıb və çərşənbə axşamı ABŞ ticarətində daha 4% ucuzlaşıb.

Qeyd edək ki, ABŞ-nin Las-Veqas şəhərindəki “Tesla” müəssisəsinin önündə bir neçə avtomobil yandırılıb.

Xatirə SADİQ