Sarkozi yenə məhkəmə qarşısındadır – Qəddafiyə görə

Paris şəhərində Fransanın keçmiş prezidenti Nikola Sarkozinin məhkəməsi başlayıb. 

Jan 6, 2025 - 17:15
Sarkozi yenə məhkəmə qarşısındadır – Qəddafiyə görə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb. 

Məlumata görə, fransalı eks-prezident 2000-ci illərin ortalarında Liviya diktatoru Müəmmər Qəddafi ilə korrupsiya sövdələşməsində ittiham olunur. 

Məhkəmə üç ay davam edəcək. Əgər təqsirli bilinərsə, Sarkozini 10 ilə qədər həbs cəzası gözləyir. 

İstintaqın versiyasına görə, 2005-ci ildə Sarkozi və aparatı Qəddafi ilə sövdələşməyə girib və 2006–2007-ci illərdə Sarkozi öz seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə etdiyi ən azı beş milyon avronu liviyalı liderdən alıb. Bunun müqabilində Fransa beynəlxalq səviyyədə təcrid olunmuş Qəddafi rejiminə dəstək göstərib.

Sarkoziyə qarşı “passiv korrupsiya”, “cinayətkar sövdə”, “seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi” və Liviyadan “dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək” ittihamları irəli sürülüb. 

Eks-prezident ittihamları rədd edir, istintaqın təqdim etdiyi sənədləri saxta adlandırır.

Xatırladaq ki, bu, Sarkozinin üçüncü məhkəməsidir. 2021-ci ildə məhkəmə onu korrupsiya və vəzifəli şəxsi rüşvət verməyə cəhdə, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə iki dəfə cəzalandırıb. Lakin hökmlər apellyasiya prosesindədir.  

Xatirə SADİQ