ABŞ Senatı Rusiyaya qarşı qanun layihəsini dayandırdı

ABŞ Senatının çoxluğunun lideri Con Tun bazar ertəsi Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyalar paketini irəli sürməyəcəyini bildirib.

Jul 15, 2025 - 16:57
ABŞ Senatı Rusiyaya qarşı qanun layihəsini dayandırdı

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu, ABŞ prezidenti Donald Trampın Rusiyaya ultimatum verməsindən sonra baş verib.

“Görünür ki, prezident indi bunun bəzilərini təkbaşına həyata keçirməyə cəhd etməyə hazırlaşır. Əgər prezident hansısa məqamda bunun mənası olduğu nəticəsinə gəlsə və bu qanun layihəsini irəli sürmək üçün bu danışıqlarda ona lazım olan dəyər və təsir imkanlarını əlavə edərsə, biz bunu edəcəyik. Biz hazır olacağıq”, - deyə senator əlavə edib.

Tun hesab edir ki, Trampın təhdidi Senatın artıq Qrem-Blumental qanun layihəsini qəbul etməsinə ehtiyacın qalmaması deməkdir: “Biz strategiyanı Ağ Evlə, görünür ki, Nümayəndələr Palatası ilə əlaqələndirmək üçn əlimizdən gələni etməyə çalışacağıq”. 

Nəşr qeyd edib ki, Nümayəndələr Palatasının yay tətilindən əvvəl sanksiyalar haqqında qanunvericiliyinin peyda olub-olmayacağı ilə bağlı suala əksəriyyətin lideri Stiv Skalis “hazırda deyil” cavabını verib. 

O, güman edir ki, Trampın birtərəfli hərəkətləri sanksiyalar haqqında ayrıca qanun layihəsinin qəbulunu, ümumiyyətlə, qeyri-mümkün edə bilər: “Əgər kimsə, nəhayət, sülhə razı olması üçün Putini danışıqlar masasına əyləşdirə bilərsə, bu, prezident Trampdır”.

Qrem və Blumental birgə bəyanatda həm Trampın tarif təhdidini, həm də Ukraynanın istifadəsi üçün Amerika istehsalı olan silahları NATO-ya satmaq planını alqışlayıblar.

“Ancaq bu müharibəyə son qoyacaq yekun zərbə ucuz Rusiya nefti və qazını almaqla Putinin hərbi maşınını dəstəkləyən Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı tariflər olacaq”, - deyə senatorlar bildiriblər.

Xatırladaq ki, dünən Tramp   hələ də Rusiya ilə ticarət edən ölkələri 100 faizə qədər “ikinci dərəcəli tariflər” tətbiq etməklə hədələyib. NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp deyib: “Əgər 50 gün ərzində [Rusiya və Ukrayna arasında] sülh sazişi əldə edilməsə, biz ikinci dərəcəli tariflər tətbiq edəcəyik”.

Xatirə SADİQ