Tramp ölkəsini ÜST-dən çıxardı 

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.

Jan 21, 2025 - 06:22
Tramp ölkəsini ÜST-dən çıxardı 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
 
Tramp öz qərarını ÜST-nin “COVID-19 pandemiyasına qarşı səhv idarə etməsi” və təşkilatın “islahat aparmaması” ilə əlaqələndirib. Göstərilən digər səbəblər arasında Çin kimi digər ölkələrlə müqayisədə “ABŞ-nin ədalətsiz yüksək maliyyə haqları” da var.

“ÜST bizdən oğurluq edirdi, hamı ABŞ-dən oğurluq edir. Bu, bir daha olmayacaq” -, deyə Tramp bəyan edib.

Trampın bu qərarı o deməkdir ki, 12 ay ərzində ABŞ Birləşmiş Millətlər Təşkilatının səhiyyə agentliyindən çıxacaq və onun işinə maliyyə dəstəyini dayandıracaq. Hazırda ABŞ ÜST-nin ən böyük maliyyə donorudur. ABŞ-nin üzvlük haqqı bu təşkilatın ümumi maliyyələşdirməsinin təxminən 18%-ni təşkil edir. ÜST-nin 2024-25-ci illər üçün son iki illik büdcəsi 6,8 milyard dollar təşkil edib.

Qeyd edək ki, Tramp 2020-ci ildən bəri ÜST-ni tənqid edərək, təşkilatı Çinin COVID-in mənşəyi ilə bağlı “dünyanı çaşdırmaq” səylərinə kömək etməkdə günahlandırırdı. ÜST bu ittihamları rədd edir. 

Bayden administrasiyası zamanı Ağ Evin pandemiya ilə bağlı koordinatoru, doktor Aşiş Ca prezident Donald Trampın ÜST-dən çıxmaq qərarını “strateji səhv” adlandırıb. 

“ÜST olduqca vacib bir təşkilatdır və Amerikanın çıxması yalnız bir ölkənin doldura biləcəyi siyasi boşluq yaradır və bu, Çindir”, - deyə Ca “CNN”ə müsahibəsində deyib. 

Xatirə SADİQ