Panama prezidenti Trampa qarşı – “Qəti etiraz edirəm"
Panama prezidenti Xose Raul Mulino amerikalı həmkarı Donald Trampın Panama kanalını “geri qaytarmaq” çağırışına etirazını bildirib.
SAVASHMEDİA.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Mulino “X” sosial şəbəkəsində yazıb.
O, bildirib ki, əsas su yolu Panamanın nəzarətində qalacaq: “Prezident Donald Trampın sözlərinə qəti etiraz etməliyəm. Kanal Panamanındır və elə də qalacaq”.
Panama prezidenti həmçinin Çinin kanalı istismar etdiyinə dair Trampın iddiasını da rədd edib. “Dünyada kanalın işinə müdaxilə edəcək bir ölkə yoxdur”, - deyə Mulino diqqətə çatdırıb.
Mulino onu da qeyd edib ki, kanal konsessiyaya (təbii ehtiyatların, müəssisələrin və digər iqtisadi obyektlərin müvəqqəti istismar üçün başqa dövlətlərə verilməsi haqqında müqavilə - red.) verilməyib. Bu, nəsillərin mübarizəsinin nəticəsində 1999-cu ildə kuliminasiyaya qalxaraq Torrixos-Karter müqaviləsinin bağlanması ilə yekunlaşıb.
Panama prezidentinin sözlərinə görə, Panama 25 il ərzində kanalı fasiləsiz və məsuliyyətlə idarə edib və onu dünyaya və ticarətə xidmət etmək üçün genişləndirib.
Mulino sonda dialoqa çağırıb.
Xatırladaq ki, Tramp inauqurasiya nitqində xarici siyasətdən danışarkən “Çin tərəfindən istismar edilən” Panama kanalına nəzarəti geri alacağına və Meksika körfəzinin adının dəyişdirilib Amerika körfəzi adlandırılacağına söz verib.
Xatirə SADİQ