“Gürcüstan heç vaxt Avropa İttifaqına üzv olmayacaq” – Aİ səfiri

“Təəssüf ki, “Gürcü Arzusu” partiyasının hakimiyyəti dövründə Gürcüstan heç vaxt Avropa İttifaqına (Aİ) üzv olmayacaq”.

Oct 7, 2024 - 16:25
“Gürcüstan heç vaxt Avropa İttifaqına üzv olmayacaq” – Aİ səfiri

SAVASHMEDİA.az “Sova” nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib.

Onun sözlərinə görə, gürcü xalqının istəyinə baxmayaraq, Gürcüstan rəhbərliyi ölkəni Aİ-yə üzvlükdən uzaqlaşdırır.

Gürcüstana Aİ-yə namizəd statusu verilməsini diplomatik karyerasında ən böyük uğur hesab edən səfir hakim partiyaya sual ünvanlayıb: 

“Bəs siz namizəd statusu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti, müxalifət partiyaları Avropa İttifaqına üzv olmaq istəyirlər, amma hökumət insanları bu quruma üzv olmaqdan uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”.

Diplomat nəzərə çatdırıb ki, oktyabrda keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın Aİ yoluna qayıdacağına ümid edir. Çünki Gürcüstanda demokratik hökumət olarsa, Aİ onunla danışıqları bərpa etməyə hazırdır.

Xatırladaq ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra Aİ bunu “Gürcüstanın Avropaya inteqrasiya prosesini dayandırması” kimi dəyərləndirdi. 

Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onların anti-Qərb ritorikasına cavab olaraq Aİ bu ölkəninvətəndaşları üçün vizasız rejimi dayandırmağa hazır olduğunu bəyan etdi və Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəldi.

Xatirə SADİQ