Alman şirkəti “Akkuyu” AES-lə bağlı öhdəliklərini pozub – Aleksandr Novak

Almaniyanın “Siemens” şirkəti Türkiyədəki “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozub.

Oct 7, 2024 - 16:18
Alman şirkəti “Akkuyu” AES-lə bağlı öhdəliklərini pozub – Aleksandr Novak

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, buna görə avadanlıqlar dost ölkələrdən alınıb: “Təəssüf ki, bir sıra dost olmayan ölkələr türk xalqının bu arzusunun həyata keçirilməsinə mane olmağa çalışır. Odur ki, biz bağlanmış müqaviləyə baxmayaraq, Qərb ölkəsindən – “Siemens” təchizatçının bir sıra müəyyən avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozduğu bir vəziyyətlə üzləşdik” 

Novak hansı avadanlıqdan danışdığını dəqiqləşdirməyib. O, yalnız nəzərə çatdırıb ki, bu avadanlıq kritik olmasa da, layihə üçün əhəmiyyətlidir. “Siemens” nümayəndələri ilə danışıqlar konstruktiv nəticə vermədiyindən “Rosatom” türk tərəfdaşları ilə birlikdə dost ölkələrdən komponentlər alıb və ilk partiya artıq Akkuyu AES-ə çatdırılıb.

O, stansiyanın bütün dörd enerji blokunun 2028-ci ildə işə başlayacağını elan edib, lakin onlardan birincisinin işə salınma vaxtını dəqiqləşdirməyib. Hazırda Rusiya və Türkiyə “Akkuyu” AES layihəsinin icra qrafiki ilə bağlı “Siemens”in öhdəliklərinə əməl etməməsinin nəticələrini qiymətləndirirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “Akkuyu” AES-in ilk enerji blokunun 2023-cü ildə işə salınacağını açıqlamışdı. 

Lakin “Rosatom”un baş direktoru Aleksey Lixaçev bu müddəti təsdiqləməyib. Onun sözlərinə görə, “Akkuyu”nun fiziki işə salınması 2024-cü ilə planlaşdırılır. Lakin layihənin həyata keçirilməsinə ABŞ sanksiyaları mane olub. Qarşılıqlı hesablaşmalar sistemində və pul vəsaitlərinin həbs olunmasında çətinliklər müşahidə olunur. Eyni zamanda o, vurğulayıb ki, türk tərəfdaşları “Rosatom-un Akkuyu AES layihəsinə ciddi yanaşdığını hesab edirlər, sanki Rusiya “öz evində və özü üçün” bunu tikir. 

Xatirə SADİQ