Dənizdə 80 neftçi köməksiz qalıb -Növbə dəyişmir, su və çörək tükənib
Xəzərdə çalışan onlarla neftçi növbə dəyişdirilmədiyi üçün artıq beş gündür dənizdə qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3-cü mədənində çalışan 70-80 nəfər işçinin növbə dəyişməsi noyabrın 5-də həyata keçirilməli olsa da, bu, indiyədək mümkün olmayıb.
Bildirilib ki, dənizdə qalan işçilərin içməli suyu, çörəkləri, siqaretləri və ərzaq ehtiyatları tükənib. Onların nə vaxt sahilə gətiriləcəyi, eləcə də növbəti gəminin nə zaman gələcəyi barədə dəqiq məlumat verilmir.
Qəhrəmanlı qeyd edib ki, yaranmış vəziyyət həm dənizdə qalan, həm də növbəyə çıxa bilməyən işçilərin psixoloji durumuna mənfi təsir göstərir.
Oğuz