Müharibə şəraitində olan Ukrayna Suriyaya kömək əlini uzatdı

Dekabrın 31-də Ukraynadan 500 ton unla təchiz olunmuş 20-dən çox yük maşını Suriyaya varid olacaq.

Dec 30, 2024 - 17:53
Müharibə şəraitində olan Ukrayna Suriyaya kömək əlini uzatdı

SABASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Dəməşqə səfərə gələn Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bazar ertəsi Suriya paytaxtında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu humanitar yardım “Ukraynadan taxıl” (Grain from Ukraine) proqramı çərçivəsində həyata keçirilir.

“Biz ərzaq təhlükəsizliyinə dəstək olacağımıza söz verdik və vədimizi qısa müddət ərzində yerinə yetirdik. Sabah Suriyaya 20-dən çox yük maşını gələcək. Onlar “Ukraynadan taxıl” proqramının bir hissəsi kimi ilk 500 ton Ukrayna ununu çatdıracaq. Bu un suriyalı ailələrə pulsuz paylanacaq”, - deyə Sibiqa vurğulayıb.
  
Nazir bu unun 33 mindən çox suriyalı ailənin və ya 167 min suriyalının bir ay ərzində qidalanmasına kifayət edəcəyini vurğulayıb.

Nazirin sözlərinə görə, bu, ilk partiyadır, lakin ümumilikdə Ukrayna dəfələrlə çox tədarük etməyə hazırdır.

Xatirə SADİQ