NATO ölkələri Rusiyanın hücumuna hazırlaşır – təlimlər başladı

NATO Hərbi Hava Qüvvələri “Ramstein Flag – 2025” təlimi çərçivəsində Rusiyanın alyansa hücumu ssenarisinə hazırlıq görür. 

Apr 10, 2025 - 16:40
NATO ölkələri Rusiyanın hücumuna hazırlaşır – təlimlər başladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniyanın “DPA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, martın 31-də Niderlandın Leuvarden aviabazasının yaxınlığında başlayan manevrlərə NATO-nun 18 ölkəsindən F-35, F-18 Hornet və Eurofighter Typhoon, həmçinin pilotsuz uçuş aparatları və helikopterlər də daxil olmaqla 100-ə yaxın təyyarə cəlb olunub. 

Onlar artıq hava hücumlarını dəf etmək və düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün məşq ediblər. Aprelin 10-11-də isə “işğalçı düşmənə qarşı müdafiə zamanı fövqəladə vəziyyətdə” quru qoşunlarına dəstək göstərməyi məşq ediblər.

Təlimlərin gedişində Şimali Avro-Atlantika Alyansı ölkələri bütün Avropaya səpələnmiş qüvvələrdən istifadə edərək, öz hava qüvvələrinin ardıcıl və effektiv fəaliyyət göstərməsini təmin etmək niyyətindədir. Eyni zamanda, manevrlər Rusiya üçün “siqnal” olmalıdır. 

“Ümid edirik ki, bu cür təlimlər düşməni çəkindirəcək”, - deyə alyansın Hərbi Hava Qüvvələrinin komandanı, ABŞ generalı Ceyms Hekker bildirib. 

Bundan əvvəl Almaniya Rusiyanın hücum ssenarisini də əhatə edəcək “Red Storm Bravo” hərbi təlimlərini elan edib. Sentyabrın 25-27-nə planlaşdırılan manevrlərə 800.000-ə qədər NATO əsgərinin cəlb olunacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bir daha   Rusiya prezidenti Vladimir Putinə alyansın üzvlərinə qarşı təcavüz halında alyansın “sarsıdıcı cavabı” barədə xəbərdarlıq etmişdi. 

“Əgər kimsə Polşaya və ya müttəfiqlərimizdən hər hansı birinə hücumun cəzasız qalacağını düşünərək səhv edərsə, alyansın bütün gücü ilə üzləşəcək. Bizim cavabımız sarsıdıcı olacaq. Bu, Vladimir Putinə və bizə hücum etməyə cəsarət edən hər kəsə aydın şəkildə bildirilməlidir”, - deyə Rutte vurğulamışdı.

Xatirə SADİQ