İstanbuldakı danışıqlar mətbuata açıqlama verilmədən başa çatdı
İstanbulda Rusiya və ABŞ arasında səfirliklərin işinin normallaşdırılması ilə bağlı danışıqların ikinci raundu başa çatıb.
SAVASHMEDİA.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, danışıqlar təxminən altı saat davam edib və görüş mətbuata açıqlama verilmədən başa çatıb.
ABŞ nümayəndə heyətinin oçərisində olduğu avtomobil məsləhətləşmələrin aparıldığı Rusiya Baş konsulluğunun ərazisini ilk tərk edib.
Danışıqların nəticələrinə daha sonra iki ölkənin xarici işlər nazirlikləri tərəfindən yekun vurulacağı gözlənilir.
İkinci görüşdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev (fevralda o, Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru vəzifəsini icra edirdi), ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edib.
İstanbulda məsləhətləşmələrin ilk raundu fevralın 27-də baş tutub. O zaman bağlı qapılar arxasında məsləhətləşmələr 6 saatdan çox davam etmişdi.
Xatirə SADİQ