Türkiyə bu iki ölkəyə elektrik enerjisi verəcək – “Reuters”
Türkiyə hökuməti Suriya və Livana elektrik enerjisi verməyə hazır olduğunu açıqlayıb.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hökumət nümayəndələri artıq Suriyada ölkənin enerji problemlərini həll etmək üçün çalışırlar və Suriyanın neft və təbii qaz ehtiyatlarından istifadə imkanlarını da araşdırır.
“Mümkündür ki, Suriya və Livana lazım olan elektrik enerjisi əvvəlcə Türkiyədən ixracla təmin olunacaq. Əlbəttə, elektrik ötürücü şəbəkənin vəziyyətini təhlil etdikdən sonra vəziyyəti daha yaxşı qiymətləndirə biləcəyik”, - deyə Bayraktar vurğulayıb.
Onun sözlərinə görə, Suriyanın müharibə öncəsi quraşdırılmış elektrik enerjisinin gücü 8500 meqavat idi, lakin indi təxminən 3500 meqavata düşüb.
"İnsanların böyük əksəriyyəti elektrik ehtiyaclarını generatorlarla qarşılayır, ona görə də elektrik enerjisinə ehtiyac son dərəcə ciddidir”, - deyə Bayraktar əlavə edib.
Qeyd edık ki, Türkiyənin Energetika Nazirliyinin nümayəndə heyəti şənbə günü Dəməşqə gedib.
Xatırladaq ki, Suriya üsyançılarıbı dəstəkləyən Türkiyə Dəməşqdəki səfirliyini yenidən açıb və artıq Suriyanın yeni de-fakto lideri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriyanın bərpası üçün lazım olan hər şeyi edəcək.
Türkiyə 2016-cı ildən bəri dörd hərbi əməliyyat keçirdiyi Suriyanın şimalının bəzi ərazilərini artıq elektrik enerjisi ilə təmin edir.
Xatirə SADİQ