Müğənni qiyabi həbs edildi – Moskvada
Moskva məhkəməsi opera müğənnisi Mariya Maksakova-İqenberqsi qiyabi həbs edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məlumatda deyilir ki, müğənni internetdə dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə çağırışlar etməkdə ittiham olunur. Buna görə müğənnini altı ilə qədər həbs gözləyir.
“Baza” telegram kanalı aydınlaşdırıb ki, məhkəmə müğənninin 2023-cü ilin avqustunda Ukraynanın “Сейчас” telekanalına müsahibəsini əsas götürüb.
Maksakova həmin müsahibədə Rusiya hakimiyyətinin cinayətlərindən danışıb və Ukrayna ordusuna yardım etməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna ordusu “bu Leviafanın ( İncildə Tanrı tərəfindən yaradılmış od püskürən və çoxbaşlı dəniz ilanı – red) belini qıracaq” yeganə qüvvədir.
Mariinski Teatrının keçmiş solisti olan Maksakova 2011-ci ildə “Vahid Rusiya”dan Rusiya Dövlət Dumasının deputatı olub. 2016-cı ildə əri ilə Kiyevə qayıdan müğənni o vaxtdan bəri dəfələrlə Rusiya hakimiyyətini açıq şəkildə tənqid edib.
2023-cü ilin mayında Rusiya Ədliyyə Nazirliyi onu xarici agent elan edib. Müğənni “xarici agent” öhdəliklərini yerinə yetirmədiyinə görə bir neçə dəfə cərimələnib.
Xatırladaq ki, Maksokovanın əri Denis Voronenkov 23 mart 2017-ci ildə Kiyevdə Sevastopol sakini Pavel Parşov tərəfindən qətlə yetirilib. Rusiya Dövlət Dumasının sabiq üzvü olan Voronenkov 2016-cı ilin dekabrında Ukrayna vətəndaşlığını qəbul etdiyini və Rusiya vətəndaşlığından çıxdığını elan etmişdi. Lakin öldürülənə qədər rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşı olaraq qaldı. O, 2014-cü ildə hakimiyyətdən uzaqlaşdırılmış eks-prezident Viktor Yanukoviçin işi üzrə ifadə vermişdi.
2 iyun 2019-cu ildə NTV kanalına müsahibəsində Mariya Maksakova bildirdi ki, ərinin qətlinin təşkilatçısı Rusiya İstintaq Komitəsinin keçmiş əməkdaşı Denis Petroviç Panaitovdur.
Xatirə SADİQ