Eynulladan HAQQINI alan partiya sədri kimdir? - Adəm İsmayılovun DOSYESİ

Tanınmış jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi haqqin.az informasiya resursunu satdığını açıqlayıb.

Jun 9, 2026 - 20:19
Jun 9, 2026 - 20:31
Eynulladan HAQQINI alan partiya sədri kimdir? - Adəm İsmayılovun DOSYESİ

SAVASHMEDİA.az xəbər verir ki, Fətullayev sosial şəbəkə hesabında saytın domeninin və təsisçisi olduğu MMC-dəki tam payının notariat qaydasında iş adamı və politoloq Adəm İsmayılov tərəfindən alındığını bildirib.

Bu xəbərdən sonra ən çox verilən suallardan biri də yeni Haqqin.az saytının yeni sahibin kimliyi ilə bağlıdır.

Adəm İsmayılov kimdir?

Siyasi və ictimai dairələrdə daha çox Adəm İsmayıl Bakuvi adı ilə tanınan Adəm İsmayılov politoloq, publisist və ictimai xadim kimi tanınır. O, 2025-ci ildə keçirilən növbədənkənar qurultayda Vəhdət Partiyasının sədri seçilib. Qurultayda onun namizədliyi nümayəndələrin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

Adəm İsmayılov elmlər doktorudur. O, yüzlərlə analitik və publisistik məqalənin, üç monoqrafiyanın və onlarla elmi araşdırmanın müəllifidir. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Onun "Məhşər divanı: Yalanın 17 anı", "Paris üçbucağı" və "Eşq mələyi" adlı romanları nəşr edilib.

Media sektorunda YENİ AD

Haqqin.az kimi ölkənin ən tanınmış xəbər platformalarından birinin Adəm İsmayılov tərəfindən alınması onun media sektorunda da güc sahibinə çevrildiyini göstərir. Beləliklə, Azərbaycanın media məkanında diqqət çəkən dəyişikliklərdən biri baş verib. Uzun illər Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqin.az artıq politoloq, yazıçı və Vəhdət Partiyasının sədri Adəm İsmayılovun nəzarətinə keçib. Bu addımın saytın redaksiya siyasətinə və gələcək inkişaf istiqamətlərinə necə təsir göstərəcəyi isə yaxın aylarda daha aydın görünəcək.

Oğuz