Fələstinyönlü fəalların 200 günlük aksiyası dağıdıldı – İsveçdə
İsveç polisi fələstinyönlü etirazçıların Höteborq Universitetinin qarşısındakı çadır şəhərciyini söküb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “SVT” məlumat yayıb.
Fələstinyönlü fəalların qurduqları çadırlar 200 gün universitetin qarşısında tpxunulmadan dayanıb. Amma bu həftə polis elan edib ki, meydan boşaldılmalıdır. Son tarix cümə günü səhər saat 6-a təyin edilib.
Fəalların təşkilat komitəsinin nümayəndələri bu cür üsulları “antidemokratik” adlandırıblar.
Noyabrın 22-də səhər tezdən polis şəhərciyin “yumşaq” sökülməsinə başlayıb və könüllü olaraq ayrılmaq istəməyən fəalları və əşyalarını ərazidən uzaqlaşdırıb.
Bəzi fəallar qovulmağı çətinləşdirmək üçün özlərini şəhərcikdəki daşınmaz obyektlərə zəncirləyiblər. Amma polis onları zəncirlərindən azad edərək çıxarıb. Universitetin ərazisindən kənara çıxarılan fəallar polisə “Ar olsun!” deyə qışqırıblar.
Şahidlərin sözlərinə görə, vəziyyət gərgin olsa da, toqquşmasız başa çatıb.
Xatırladaq ki, ötən həftə fələstinyönlü radikallar Çexiyanın xarici işlər nazirinin Londondakı çıxışına əngəl törədiblər.
Niderlandın Amsterdam şəhərində futbol matçından sonra israilli azarkeşlərə qarşı həyata keçirilən kütləvi hücumlarla bağlı qalmaqal az qala hökumətin parçalanmasına gətirib çıxarmışdı.
Xatirə SADİQ