"Fənərbağça"ya qol vurandan sonra qorxdum... - Ali Koç telefonda Kərəmə nə deyib?

“Fənərbağça”ya transfer olunan Kərəm Aktürkoğlu İstanbula gəldiyi gün “Türkiyənin ən şərəfli klubuna keçdiyim üçün xoşbəxtəm” açıqlamasını verib.

Sep 2, 2025 - 13:27
"Fənərbağça"ya qol vurandan sonra qorxdum... - Ali Koç telefonda Kərəmə nə deyib?

SAVASHMEDİA.az xəbər verir ki, Kərəmin bu açıqlaması digər idman klublarının və azarkeşlərinin narazılığına səbəb olub.

Aktürkoğlu “Fənərbağça”nı niyə Türkiyənin ən şərəfli klubu adlandırmasına aydınlıq gətirib.

“Oynadığım hər klub üçün yüz faiz çalışmışam. Əksini heç vaxt düşünməmişəm. “Benfika”da oynayanda da belə idi. “Benfika” - “Fənərbağça” matçlarından əvvəl klub transferimə razı olmadığı üçün Hakan Safi bəyə (“Fənərbağça”nın idarə heyətinin üzvü –red) və başqanımıza (Ali Koç –red) “Oynamalıyam” dedim. Başqanımız mənə “təbii ki, oynamalısan, müqavilən olan klub üçün çalışmalısan”,  Hakan Safi isə “əlindən gələnin ən yaxşısını etməlisən, əgər belə biri olmasan, biz səni bu qədər istəməzdik” dedi. 

Qol vurub “Benfika”nın turu keçməsinə səbəb olduqdan sonra işlərin dəyişəcəyini düşünmədiyimi desəm, yalan danışmış olaram. Amma matçın səhəri gün başqanımız zəng edərək düzgün olanı etdiyimi və qərarlarının dəyişmədiyini, transferin reallaşacağını dedi. Həmin açıqlamanın səbəbi bu şərəfli hərəkətlərdir. Yoxsa kimlərinsə təhqirlərinə cavab olaraq heç bir klubu və cameəsini təhqir etmək kimi bir niyyətim yoxdur, ola da bilməz. “Fənərbağça” karyeramda meydançadakı performansımla danışmaq istəyirəm. Məni meydançadan kənarda da polemikalara çəkmək istəyirlər, bunu da görürəm. Lakin mən bu şərəfli cameənin mənə verdiyi dəyərin qarşılığını meydançada vermək istəyirəm. Hədəfim bu şərəfli cameənin haqqı olan çempionluğa ən böyük töhfə verənlərdən biri olmaqdır” – Kərəm bildirib.

Qeyd edək ki, Kərəm Aktürkoğlu “Benfika”dan 25 milyon avro qarşılığında transfer olunub. O, “Fənərbağça” ilə 4 illik müqavilə imzalayıb.

Banu