FİFA futbolun əsas qaydasını bir oyunluq dəyişir – Mundialın finalında nə baş verəcək?

Dünya Çempionatının finalında futbol tarixində görünməmiş yenilik tətbiq olunacaq. 

Jul 15, 2026 - 13:17
FİFA futbolun əsas qaydasını bir oyunluq dəyişir – Mundialın finalında nə baş verəcək?

SAVASHMEDİA.az xəbər verir ki, futbol tarixində İlk dəfə olaraq matçın fasiləsi ənənəvi 15 dəqiqə deyil, təxminən 30 dəqiqə davam edəcək.

Beləliklə, futbolun onilliklərdir dəyişməyən əsas qaydalarından biri (iki hissə arasındakı 15 dəqiqəlik fasilə) Dünya Çempionatı finalı üçün istisna olaraq dəyişdiriləcək.

FIFA bu qərarı final qarşılaşmasında keçiriləcək rəsmi Halftime Show (fasilə şousu) ilə əlaqədar qəbul edib. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialın həlledici oyunu təkcə futbol matçı deyil, həm də qlobal əyləncə tədbiri kimi təqdim olunacaq.

FIFA-nın açıqlamasına görə, DÇ-2026-nın finalındakı tarixi fasilə şousunda Madonna, Şakira, BTS və Castin Biber səhnəyə çıxacaqlar. Proqramda həmçinin Burna Boy, məşhur dirijor Qustavo Dudamel və PS22 Chorus kollektivinin çıxışı nəzərdə tutulub. Şounun yaradıcı rəhbərliyini isə "Coldplay" qrupunun solisti Kris Martin həyata keçirəcək.

FIFA bununla ABŞ-də böyük maraqla izlənilən NFL Super Bowl finalının məşhur fasilə şousuna bənzər format yaratmağı hədəfləyir. Qurum hesab edir ki, bu yenilik Dünya Çempionatının finalını həm idman, həm də əyləncə baxımından daha möhtəşəm tədbirə çevirəcək.

Bununla belə, qərar futbol ictimaiyyətində narazılıqla qarşılanıb. Ekspertlər bildirirlər ki, 30 dəqiqəlik fasilə futbolçuların bədən temperaturunun aşağı düşməsinə, oyunun ritminin pozulmasına və ikinci hissənin tempinə mənfi təsir göstərəcək.

Qeyd edək ki, uzadılmış fasilə yalnız DÇ-2026-nın final oyununa şamil olunacaq. Turnirin digər bütün qarşılaşmalarında isə iki hissə arasındakı fasilə əvvəlki kimi 15 dəqiqə olacaq.

Aytən