ÜST ağcaqanadlarla bağlı xəbərdarlıq etdi - "Bu xəstəliyi yayırlar, uzunqol geyinin"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan təhlükəli xəstəliklərlə bağlı xəbərdarlıq edib.
SAVASHMEDİA.az ÜST-ə istinadla bildirir ki, xüsusilə denge qızdırması dünyanın bir çox ölkəsində sürətlə yayılmaqda davam edir və vəziyyət ciddi nəzarət altında saxlanılır.
ÜST-nin son məlumatına görə, Asiya və Sakit okean regionunda denge virusuna yoluxma halları yüksək olaraq qalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yağışlı mövsüm, isti hava və durğun su hövzələrinin artması ağcaqanadların çoxalmasını şərtləndirərək yoluxma riskini yüksəldir.
Təşkilat insanlara ağcaqanad sancmalarından qorunmaq üçün həşərat əleyhinə vasitələrdən istifadə etməyi, uzunqol geyimlər geyinməyi, pəncərə və qapılarda torlardan istifadə etməyi, həmçinin həyət və yaşayış məntəqələrində durğun su yığılan qabları mütəmadi təmizləməyi tövsiyə edib.
ÜST xatırladıb ki, ağcaqanadlar yalnız denge deyil, həm də zika, çikunqunya və sarı qızdırma kimi təhlükəli virusları da yayır. Təşkilatın qiymətləndirməsinə görə, iqlim dəyişikliyi və urbanizasiyanın sürətlənməsi bu xəstəliklərin daha geniş coğrafiyada yayılmasına şərait yaradır.
ÜST ölkələri profilaktik tədbirləri gücləndirməyə, əhalini məlumatlandırmağa və yoluxma hallarını vaxtında aşkar etmək üçün epidemioloji nəzarəti artırmağa çağırıb.
Aytən