Finlandiyanın XİN rəhbəri “həyəcan təbili” çalır – Qərb yorulur…

Qərb dövlətləri Ukraynanı dəstəkləməkdən getdikcə yorulur və getdikcə daha çox münaqişənin hansısa formada həllinə ümid edirlər.

Oct 15, 2024 - 14:34
Finlandiyanın XİN rəhbəri “həyəcan təbili” çalır – Qərb yorulur…

SAVASHMEDIA.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

“Bu, (Qərb yorğunluğu təhlükəsi - red.) realdır. Və getdikcə artır”, - deyə nazir vurğulayıb.

Finlandiya xarici siyasət idarəsinin başçısı nəzərə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin qoşunlarının Ukrayna ərazisinin təxminən beşdə birini işğal etməsinə rəğmən, bəzi Qərb məmurları atəşkəsə nail olmaq yollarını özəl qaydada müzakirə etməyə başlayıblar.

Nazir əlavə edib ki, Yaxın Şərqdəki münaqişə diqqəti və resursları yayındırır və məhz bu münaqişə ötən ay BMT Baş Assambleyasının sessiyasındakı müzakirələrdə üstünlük təşkil edirdi.

“Əlbəttə, bu iki münaqişə bir-biri ilə sıx bağlıdır, lakin biz avropalılar üçün başa düşmək vacibdir ki, əgər biz Rusiyanın Ukraynada qalib gəlməsinə imkan versək, o zaman, mahiyyətcə, bizim çəkindirmə gücümüzə olan inamı sarsıdacağıq. Ukraynaya dəstək var, amma o kifayət qədərdirmi? Sual bundadır”, - deyə Valtonen bildirib.

Nazir əmindir ki, Qərb ölkələri Rusiya iqtisadiyyatına, xüsusən də neft tankerlərinin “kölgə donanmasına” zərər vurmaq üçün sanksiyaları gücləndirməlidir.

Xatirə SADİQ