Fitso və Orban Ukraynanın qələbə planına qarşı çıxdı
"Ukrayna prezidenti Vladimir Zelenskinin qələbə planı ziddiyyətlidir, çünki onun həyata keçirilməsi Üçüncü Dünya müharibəsinə səbəb ola bilər”.
SAVASHMEDİA.az “TASR” nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso Brüsseldə deyib.
Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini təkrarlayan baş nazir qeyd edib ki, Zelenskinin qələbə planının bəndlərindən biri olan NATO-ya üzvlük Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.
Fitso hesab edir ki, bu, ölkələri ayıran ziddiyyətli plan olduğundan Avropa Şurası bununla bağlı aydın mövqe tutmayıb.
Baş nazir bir daha vurğulayıb ki, Rusiya Ukraynaya müdaxilə edərək onun ərazisini ələ keçirməklə beynəlxalq hüququ pozub. Lakin Ukraynanın NATO-ya qoşulması və ya Rusiya ərazisindəki hədəfləri vura bilən raketlərin tədarükü kimi açıq müzakirələrə səbəb olacaq təklifləri bəyənmir.
“Bütün Aİ liderləri qarşısında, prezident Zelenskinin hüzurunda mən bildiyim hökumət fəlsəfəsinin qüvvədə qaldığını, bizim Ukrayna ilə mənalı və rasional əməkdaşlığa diqqət yetirmək istədiyimizi söylədim. Dedim ki, bunun nəticəsi qətl deyil, ehtiyacı olan insanlara kömək olmalıdır”, - deyə Fitso vurğulayıb.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Zelenskinin qələbə planını dəstəkləmir, çünki o, Macarıstan üçün uduşlu deyil.
Polşanın baş naziri Donald Tusk hesab edir ki, qələbə planı ABŞ-dəki prezident seçkilərindən sonra yenidən dəyərləndiriləcək.
Xatirə SADİQ