Futbolçu prezident "ofsayta düşür"? - ABŞ Zurabişvilini tanıya bilər
Gürcüstanın hazırda bir-birini qəbul etməyən iki prezidenti var. Dekabrın 14-də hakim partiya keçmiş futbolçu Mixeil Kavelaşvilini yeni prezident seçsə də, hazırkı prezident Salome Zurabişvili və müxalifət onu qəbul etmir.
Maraqlıdır, Qərb dövlətləri, xüsusilə ABŞ Gürcüstan prezidenti kimi hansını tanıyacaq? Qonşu ölkədə baş verənlər qonşu ölkədə ikihakimiyyətlilik yarada bilərmi?
SAVASHMEDİA.az-ın xəbərinə görə, siyasi şərhçi Şahin Cəfərli mövzu ilə bağlı fikirlərini bildirib.
Onun sözlərinə görə, "Gürcü Arzusu" Trampın iş başına gələcəyinə ümidlər bəsləsə də, baş verənlər onların istəkləri ilə mütənasib deyil:
"Bu gün ATƏT-in müşahidə missiyası Gürcüstandakı seçkilərə dair yekun rəyini açıqladı. Rəydə seçkilərin kütləvi pozuntular şəraitində keçirildiyi, demokratik standartlara və ATƏT qarşısındakı öhdəliklərə zidd olduğu vurğulanır. Prosesə birmənalı mənfi rəy verilib.
""Gürcü Arzusu" çox ümidlidir ki, Tramp gəldikdən gəldikdən sonra hər şey düzələcək, ABŞ və ümumilikdə Qərblə münasibətlərdəki bütün problemlər tam aradan qalxacaq. Ola bilər ki, bu ümid nəyəsə əsaslanır, amma Konqresdəki respublikaçılar "Gürcü Arzusu"na qarşı kifayət qədər aqressivdir. Məsələn, bu gün Konqresin Helsinki komissiyasının sədri, respublikaçı Co Uilson prezident Zurabişvilini Gürcüstanda yeganə legitim rəsmi şəxs adlandırıb, respublikaçı senator Rocer Uiker isə prezident Baydeni dərhal İvanişvili, Kobaxidze və Kaladzeyə qarşı sanksiya tətbiq etməyə çağırıb".
Politoloq bildirib ki, Konqresdə Gürcüstanla bağlı ikipartiyalı konsensus var və yeni administrasiyanın bu reallığı inkar etməsi asan məsələ deyil:
"Doğrudur, Trampın ətrafındakı izolyanistlər üçün postsovet məkanı vacib region deyil, onlar ABŞ-nin burada ciddi maraqlarının olmadığını düşünür, hətta bir çoxu bu bölgəni tarixən Rusiya nüfuz dairəsi olaraq görür. Lakin yeni xarici siyasət komandası izolyanistlərdən yox, Konqresdəki ənənəvi xətt tərəfdarlarından formalaşdırılıb.
Digər tərəfdən, indiki Gürcüstan hökumətinin ölkə tarixinin ən iri iqtisadi layihəsi olan Anakliya proyektini ABŞ şirkətindən zorla alıb, Çin dövlət şirkətinə verdiyini Trampın qulağına kimsə pıçıldasa, reaksiyası yəqin ki, müsbət olmayacaq".
Oğuz