Gecəyarısı görüntülü “Whatsapp" zənginin sonu - "Ərimi sevmirəm, səndən xoşum gəlir"
Tərtər rayonunda 2000-ci il təvəllüdlü Saleh qısqanclıq zəminində həyat yoldaşı Nailəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Saleh qeyri-rəsmi nikahda olduğu arvadı Nailənin başqa şəxslə telefonla danışmasını əsas götürib və ona xəyanət etməsi qənaətinə gəlib. Münasibətləri sonlandırmaq məqsədi ilə onu atası Əzimin evinə göndərib.
Ailə üzvlərinin yanında olan Nailənin keçmiş sevgilisi - Bərdə rayon sakini Həmzə Salehə zəng edib və Nailə ilə telefonla danışdığını etiraf edib. Nailənin xəyanət etdiyinə əmin olan Saleh onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 4 may 2023-cü ildə keçmiş arvadıyıa telefonla əlaqə saxlayıb və övladını görmək arzusunu ona bildirib. Sonra Nailənin atası evinə gəlib. Nailə ilə həmsöhbət olduğu zaman ona hansı səbəbdən xəyanət etdiyini aydınlaşdırmaq istəyib.
Həyətdə qızılgül kolunun yanında təkbətək bir qədər söhbət etdikdən sonra Saleh yaranmış mübahisədən qəzəblənib. Ətrafda heç kimin olmadığını görüb və gödəkcəsinin cibindən bıçağı çıxarıb, Nailəyə ümumilikdə 5 zərbə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Mənə and içdirdilər ki, arvadıma heç nə etməyim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2020-ci ildə Nailə ilə ailə həyatı qurub: “Amma rəsmi nikah bağlamadıq. Birgə nikahdan bir uşağımız var. Hazırda uşaq babasının himayəsində yaşayır.
Nailə ilə atama məxsus evdə yaşamışıq. Hadisədən təxminən 4-5 gün əvvəl axşam saat 22 radələrində işdən çıxdım və Nailənin evdə olmadığını, atası evinə getdiyini bildim. Evin pəncərəsinə yaxınlaşdıqda anamın atama baş verənlər barədə mənə heç nə deyilməməyi tapşırdığını eşitdim. Evə daxil olanda valideynlərimə hər şeyi eşitdiyimi dedim və valideynlərimdən soruşdum ki, Nailə telefonla kimləsə danışıb, yoxsa nə edib?
Valideynlərim məni sakitləşdirməyə çalışdılar, and içdirdilər ki, arvadıma heç nə etməyim. Mən də and içdim ki, baş verənləri danışsınlar. Valideynlərim bildirdilər ki, Nailə azyaşlı bacım oğlunun mobil telefonu vasitəsi ilə tanımadığımız bir kişi ilə danışıbmış.
Bunu necə öyrəndiklərini soruşdum, atam bildirdi ki, həmin gün bacım oğlunun mobil telefonuna zəng gəlib, uşaq telefonu açanda bir nəfər qadın bacım oğlundan Nailəni soruşub, onu təhqir etməyə başlayıb. Bacım oğlu dərhal telefonu bacısı Əminəyə verib.
Əminə ilə telefonda danışan qadın bildirib ki, Nailə əri Həmzə ilə telefonla danışaraq onun ailəsini dağıdır. Ona görə həmin qadın Nailənin nömrəsini tələb edib”.
“Dedi ki, get arvadının başını kəs”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı həmin qadına atasının nömrəsini verərək onunla əlaqə saxlamasını xahiş edib: “Qadın atama zəng edərək Nailənin onun ərindən əl çəkmədiyini, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ərinə görüntülü zəng etdiyini, telefonu açmadıqda ərinə mesaj yazdığını deyib.
Mən atamdan qadının mobil nömrəsini götürdüm. Səhəri gün ona zəng etdim, Nailənin əri olduğunu dedim. Danışmağa başlayarkən qadının anası telefonu qızından alaraq məni təhqir etdi. Dedi ki, sən necə kişisən, mənim qızımdan kömək istəyirsən, kişisənsə get arvadının başını kəs, mənim yeznəmdən əl çəksin.
Bu sözləri deyəndən sonra telefonu yenə qızına verdi. Qadın bildirdi ki, əri Həmzə ilə arvadım 2018-ci ildən sevgili olublar.
Mən arvadımla görüşərək danışmaq üçün onun atası evinə getdim. Nailənin atası Əzim, anası Zibeydə də evdəydilər. Nailədən baş verənlər barədə soruşdum. Hər şeyi etiraf edərək o, həqiqətən də Həmzə ilə danışdığını bildirdi. Ağlasa da onun göz yaşlarına inanmadım, mənə xəyanət etdiyini bildirdim. Sonra yaşadığım evə getdim.
Evdə yenidən qayınanama zəng edərək Nailə ilə danışmaq istədiyimi bildirdim. Danışıq zamanı o, Həmzə ilə çoxdan tanış olduğunu dedi. Nailədən bu səbəblə uşağımıza Həmzənin adını qoyduğumuzu soruşdum. Ardınca əsəbləşərək telefonu söndürdüm”.
“Öhdəlik verməsini tələb etdim”
Salehin sözlərinə görə, mayın 3-də atası ilə yenidən Nailənin valideynlərinin yaşadığı evə gedib: “Məqsədimiz o idi ki, Nailə başqa biri ilə evlənsə, oğlumu mənə versin. Mən Nailənin yazılı qaydada öhdəlik verməsini tələb etdim. Lakin o, tələbimi qəbul etmədi.
Biz oradan çıxdıq, mən iş yerimə getdim. Qayınanam Zibeydə zəng edərək Nailənin cehizlərini aparmaq istədikərini bildirdi. Mən Zibeydə ilə razılaşdım və yaşadığım evə getdim.
Qayınanam Zibeydə, arvadım Nailə, arvadımın bacısı Ləman və adlarını bilmədiyim mebel ustası yük maşını ilə yaşadığım ünvana gəldilər. Bütün cehiz əşyalarını yük maşınına yığaraq apardılar”.
“Pozğunluq edəcəyini dedi”
Təqsirləndirilən şəxs bildirib ki, mayın 4-də oğlunun qızdırması olduğuna görə qayınanasına zəng edib və oğlunun xəstəliyi ilə maraqlanmaq istəyib: “Telefona arvadım Nailə cavab verdi. Ondan uşağın halını soruşdum. Mənə oğlumun hələ də qızdırması olduğunu, bu səbəbdən sabah həkimə aparacağını bildirdi.
Nailə məndən uşağa və özünə aid sənədləri, eləcə də cehizlik elektrik çaynikini istədi. Mən işdən çıxaraq həm oğlumu görmək, həm də elektrik çaynikini təhvil vermək üçün Nailənin yaşadığı evə getdim. Mən evə daxil olanda qayınanam Zibeydə evin həyətindəydi.
Uşağı görmək üçün qayınanamdan onu gətirməsini istədim. Oğlumla bir az vaxt keçirdikdən sonra Nailəni çağırdım. Ondan nəyə görə mənə xəyanət etdiyini soruşdum. Artıq gec olduğunu və nəsə soruşmağa ixtiyarımın olmadığını, bundan sonra mini yubka geyinərək kafelərdə pozğunluq edəcəyini dedi.
Mən əsəbləşərək ağzıma gələni ona dedim. O da mənə təhqiramiz ifadələr işlətdi”.
“Polisə təslim oldum”
Saleh qeyd edib ki, bu vaxt əsəblərini cilovlaya bilməyib, üzərində gəzdirdiyi cib bıçağını çıxarıb və Nailənin qarın nahiyəsindən xəsarət yetirib: “Arxası üstə yerə yıxıldıqdan sonra onun uzanıqlı vəziyyətdə sinə nahiyəsinə iki və üçüncü dəfə xəsarət yetirdim. Ardınca bir neçə bıçaq zərbəsi də vurdum.
Nailənin anası və atası evdən qışqıraraq çıxdılar. Atası üstümə gələrək məni vurmaq istədi. Mən bıçağı qaynatama tərəf tutaraq dedim ki, üstümə gəlmə. Sonra darvazadan çıxaraq qaçdım.
Küçənin başına çatanda atama zəng etdim və Nailəni bıçaqla vurduğumu, təslim olmaq üçün polis şöbəsinə gedəcəyimi dedim. Bıçağı cibimə qoydum və tanımadığım taksi ilə könüllü təslim olmaq üçün Tərtər Rayon Polis Şöbəsinə getdim”.
“Qızımdan əl çəkməsini bildirdim”
İş üzrə zərərçəkmiş Nailənin hüquqi varisi qismində ifadə verən atası Əzimin sözlərinə görə, qətl hadisəsindən təxminən iki il əvvəl qızı Salehlə ailə həyatı qurub: “30 aprel 2023-cü ildə qızım Nailənin qayınatası, qayınanası evimə gəldilər. Bildirdilər ki,Nailə tanımadıqları Həmzə adlı şəxslə danışıb, bu səbəbdən onu saxlamayacaqlar.
Qızımdan Həmzə adlı şəxslə danışıb-danışmadığını soruşdum, yalnız bir dəfə danışdığını bildirdi. Sabahı gün Saleh və atası bizə gəldilər. Saleh bildirdi ki, Nailə ondan aliment tələb etməməsi üçün yazılı öhdəlik versin. Mən ona qızımdan əl çəkməsini bildirdim”.
Əzim qeyd edib ki, mayın 4-də saat təxminən 12 radələrində evin həyətində olan hamama girib: “Evin həyətyanı sahəsindən Salehin səsini eşitdim. Bir qədər sonra qızım Nailənin qışqırtı səsi gəldi.
Dərhal hamamdan çıxdım. Qızımı yerdə uzanıqlı vəziyyətdə gördüm. Salehin qızıma vurduğu sonuncu bıçaq zərbəsini gözümlə görə bildim. Mən Salehə tərəf gedəndə əlində olan bıçağı mənə tərəf uzatdı və yaxınlaşmamağımı tələb etdi. Sonra darvazadan çıxıb qaçmağa başladı. Mən də onun arxasınca qaçmağa başladım. Amma ona çata bilmədim. Qızımı Tərtər rayon Mərkəzi Xəstəxanasına apardıq”.
“Ailəli olduğumu bildirdim”
İş üzrə şahid qismində ifadə verən Həmzənin sözlərinə görə, 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub və həmin ilin yayında “İnstagram” sosial şəbəkəsində Nailə adlı xanım ona mesaj yazıb: “Beləcə biz tanış olduq. Biz bir-iki ay əlaqə saxladıq. Sonra Nailə mənə ailə qurmaq istədiyini və daha əlaqə saxlamaq istəmədiyini, ona yazmamağımı xahiş etdi. Mən də razılaşdım və Nailə ilə əlaqəmi kəsdim.
2023-cü il aprelin sonlarında evdə arvadımla birlikdə olan zaman “Whatsapp” mobil tətbiqində mənə tanımadığım nömrədən bir neçə dəfə görüntülü zəng gəldi. Öncə zəngi açmaq istəməsəm də, arvadım bildirdi ki, telefonu aç, gör kimdi səni ard-arda yığır. Zəngi açdım və onun qadın olduğunu gördüm. “Mən Nailyəm” deyərək gülümsədi.
Bu zaman zəngi sonlandırdım. Nailə mənə mesaj yazmağa başladı. Mən də ona mesaj yazaraq ailəli olduğumu bildirdim və məni narahat etməməsini xahiş etdim. Lakin o, sözlərimə məhəl qoymayaraq mesaj yazmağa davam etdi”.
“Ərini sevmədiyini bildirdi”
İş üzrə ifadə verən Həmzənin həyat yoldaşının ifadəsinə görə, 2021-ci ildə ailə həyatı qurublar: “Təxminən 2023-cü il aprelin sonlarına yaxın evdə olduğumuz vaxt ərimin telefonuna tanımadığım qadın görüntülü zəng etdi. Həmzə nömrəni tanımadığı üçün açmadı. Üçüncü dəfə zəng gələndə ondan zəngi açmağını istədim.
Həmzə zəngi açanda bir qadının baxaraq gülümsədiyini gördüm. Qadın mənim Həmzənin yanında olduğumu bilmədi. Həmzədən “tanıdın məni?” deyə soruşdu. Adının Nailə olduğunu bildirdi və telefonu söndürdü.
Zəngi bitirdikdən sonra Nailə votsapda yazmağa başladı. Danışıq zamanı Nailə evli olduğunu, lakin həyat yoldaşını sevmədiyini, Həmzədən hələ də xoşu gəldiyini bildirdi.
Həmzə ona evli olduğunu bildirdi, bir daha onu narahat etməməyi xahiş etdi. Amma Nailə Həmzənin dediklərinə məhəl qoymadı, narahat etməyə davam etdi”.
“Bizdən əl çək və ailəmizi dağıtma”
Həmzənin həyat yoldaşı qeyd edib ki, Nailənin hərəkətlərindən bezdiyi üçün onun telefon nömrəsini Həmzdən alaraq danışmaq qərarına gəlib: “İlk dəfə zəng edəndə telefonu azyaşlı uşaq açdı. Sonradan mənə bəlli oldu ki, Nailənin Həmzəyə zəng etdiyi nömrə onun özünə əxsus olmayıb.
Uşaqdan telefonu Nailəyə verməyi xahiş etdim. Nailə ilə danışanda ona “bizdən əl çək, ailəmizi dağıtma” dedim.
Sabahı gün mənə tanımadığım nömrədən zənglər gəlməyə başladı. Sonradan bildim ki, həmin nömrələr Nailənin qayınatası və qayınanasına məxsusdur. Onlar məndən nə baş verdiyini soruşdum. Bildirdim ki, gəlininiz həyat yoldaşımı narahat edir. Xahiş etdim Nailəni bizdən uzaqlaşdırsınlar.
Bir neçə gün sonra Nailənin əri votsapda yazaraq Həmzənin nömrəsini istədi. Mən qorxduğum üçün Həmzənin nömrəsini ona vermədim. Danışıq zamanı onu yola verərək söhbətimizi yekunlaşdırdım”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saleh 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.(teleqraf.com)