Gələ-gələ görmüşük...
Dəb nədir? Cavab keçmişdən məlumdur – kommersiya fəndi. 20-30 ildən bir təkrarlanır. İnsan şüuru, fantaziyası bəzən yeni şey yaratmaqda acizdir.
Moda ilə əlaqədar buna ehtiyac da qalmır. Çünki yeni nəsil xəbərsizdir, əvvəlki nəsil isə böyüyüb, maraqlar dəyişib. Amma yeni material ixtira olunduqda – yeni dəb meydana gəlir.
Bu yerdə “podiuma qalxır” demək yerinə düşər. Cins, gipyur, lavsan, tvit, yaş asfalt, velvet, kremplen parçalar, düyməciklər, şimşək və s. Onların hamısı modada bir vaxt yeni trend yaradıb.
Dəbin yalnız geyimə aid olduğunu düşünmək səhv fikirdir. Kosmetik vasitələr, qadın çantası, zərgərlik məmulatları, papaqlar, qalstuk, hətta müalicə üsulları, vitamin dəbi(!) öz yolu ilə yenilənir. Podiumda gəzişən model yeni komplektə yeni poza – yeriş və duruş əlavə edir. Əlbəttə, bütün bu yenilərin yeniliyi şərtidir. Deyildiyi kimi, 20 ilə bunları görməmiş yeni nəsil gələcək, sən də çox şeyi unudacaqsan.
Fotoda: Bakı. Şalvarı “bomj” apardı.
Modanın ən böyük fəsadı – onun mənəviyyata çürüdücü, dağıdıcı təsirindədir. XVII-XIX əsrlərin dekolteləri heç də rəsmlərdə, filmlərdə gördüyümüz qədər deyil, daha abırsız olub. Hazırda bir nəslin həyatı zamanı qızlar dondan qolsuz (kimono) sarafana, mini ətəyə, şalvara, iri kəsikli maksiyə, şorta, nəhayət, tumana keçdilər. Dar və qısa tumana! Kişilərin on illərcə və indi də şalvarın altında geyindikləri məşhur ailə, ev tumanı onun yanında abırlı çadradır.
Dəb irəliyə doğru qaçır, əxlaqsızlıq onun yanında gedir. Zövqsüzlük də geri qalmır. O gün zibil çənində eşələnən kişini gördüm. Əynində nimdaş, amma səliqəli şalvar və köynək vardı. Elə bu an çənin yanından cavan qız keçirdi. Cırıq-cırıq şalvarda. Doğrudanmı cırıq (şalvar) gəncləri, kişiləri cəlb edir? Bəlkə cırıq onun sahibinin mənəvi dəyərini artırır? Elədirsə – yalnız öz gözündə.
İnternetdə rast gəldiyim bir fotonu Qərbdə təhsil alan kiçik qardaşıma göndərdim.
Yazdım ki, Floridada Tampa universitetinin tələbəsi dərsə belə formada gedir. Qardaşım cavab verdi ki, ətrafındakı qızların əksəriyyəti bu cür geyinir. Dərdə düşdüm: zavallı uşaq necə oxusun, fikrini dərslərdə necə cəmləşdirsin! Gərək əvvəlcə özüm gedib oradakıları abıra salardım...
Fotoda: Tampa. Universitet paltar yox, bilik verir.
Yox, qətiyyən riyakar, görməmiş deyiləm.
GƏLƏ-GƏLƏ GÖRMÜŞÜK, GÖRƏ-GÖRƏ EŞİTMİŞİK, BİLMİŞİK.
Yaxşı bilirəm ki, mini dəb düşən zaman “qranit” kişilər elə geyinən qızlara o dövrün əlifbası üzrə “АБВГ” damğası vururdular. İllər ötdü, həmin kişilərin bacısı, yaxud qızı, gəlini, nəvəsi Dəb darvazasından keçdi. Şalvarla da, maksi ilə də elə oldu. Atam tamamilə doğru deyir: “Dünyanı, camaatı düzəldə bilməzsən, çalış öz ailəni düzgün saxlayasan!”.
A.ƏZİZ
Fotoda: London. Dərzinin parçası qurtaranda.