“Gəlin, hər iki tərəfi masa arxasında oturdaq” – Trampın müşaviri

“Müharibədən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətini Avropa öz üzərinə götürməli, ABŞ isə Ukraynaya hərbi yardım xərclərini özəlliklə nadir torpaq metalları üzrə tərəfdaşlıq müqabilində çıxarmalıdır”.

Feb 10, 2025 - 10:04
“Gəlin, hər iki tərəfi masa arxasında oturdaq” – Trampın müşaviri

SAVASHMEDİA.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “NBC News” telekanalına müsahibəsində deyib. 

“Burada əsas prinsip odur ki, avropalılar bu münaqişəni öz üzərlərinə götürməlidirlər. Prezident Tramp buna son qoymağa hazırlaşır və sonra təhlükəsizlik zəmanətləri baxımından o dəqiq Avropanın üzərində olacaq”, - deyə müşavir vurğulayıb.

Uolts prezidentin Vladimir Putinlə telefon danışığı ilə bağlı suala birbaşa cavab verməyib. Lakin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi məsələsi gələn həftə Amerika liderlərinin Avropada söhbət mövzusu olacaq.

“Gələn həftə Avropada bizim dövlət katibi, Pentaqonun rəhbəri, vitse-prezident, Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə olacaq və onlar bu müharibəni necə bitirmək barədə ətraflı danışacaqlar”, - deyə müşavir nəzərə çatdırıb.

Uolts hesab edir ki, bütün tərəfləri danışıqlar masasına oturtmaq lazımdır.

“Rusiya iqtisadiyyatı özünü yaxşı hiss etmir. O (Tramp) yeni vergilər, tariflər, yeni sanksiyalar vəd edib. Bizə masa arxasında bütün tərəflər lazımdır. Və bu, prezident Si, baş nazir Modi, Yaxın Şərqdəki liderlərlə söhbətlərdən irəli gəlir. Hər kəs bu müharibə ilə bağlı prezident Trampa kömək etməyə hazırdır. Gəlin, hər iki tərəfi masa arxasına keçirək”, - deyə Volts vurğulayıb. 

Onun sözlərinə görə, Trampın ətrafı gələn həftə bütün bu məsələləri müzakirələrdə qaldırmağa hazırdır.

"O cümlədən Ukraynaya yardımımızın gələcəyindən də söhbət gedir. Biz Ukraynaya hərbi yardımın xərclərini ukraynalılarla onların nadir torpaq metalları, təbii ehtiyatları, neft və qazı, həmçinin bizim məhsulların alınması ilə bağlı tərəfdaşlıq yolu ilə çıxarmalıyıq”, - deyə amerikalı müşavir bildirib.

Xatirə SADİQ