Günəş kremi seçərkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Günəş kremi dəri sağlamlığı üçün son dərəcə vacibdir.

Mar 13, 2025 - 20:55
Mar 13, 2025 - 20:57
Günəş kremi seçərkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Bədəni günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün istifadə edilən bu kremlər erkən qocalma əlamətlərinin qarşısını almaqla yanaşı, dəri xərçəngi riskini də azaldır. Lakin bu məhsulu seçərkən diqqətli olmalıyıq. Çünki hamı eyni tip günəş kremindən istifadə etməməlidir. Buna səbəb dəri tipləridir.

SAVASHMEDİA.az qarşıdan gələn yaz və yay fəslini də nəzərə alaraq günəş kremini necə seçmək lazım olduğunu oxucuları üçün araşdırıb.

Öncə qeyd etməliyik ki, günəş kremi seçərkən dərinin növünü, günəşdə qalma müddətini nəzərə almaq lazımdır.

Açıq rəng və həssas dəriyə sahib olan insanlar yüksək faktorlu günəş kremlərinə üstünlük verməlidirlər. Xüsusilə yay aylarında və günəş altında çox qalacaqlarsa, SPF faktoru (Günəşdən Qoruma Faktoru) 30 və ya daha yüksək olan günəş kremləri seçməlidirlər.

Dəri rəngi tün olanlar günəş altında az qalacaqlarsa, az faktorlu günəş kremlərinə üstünlük verə bilərlər. 

Qeyd edək ki, hansı faktordan olan məhsul istifadə edilirsə edilsin, günəş kremi müəyyən aralıqlarla (2-3 saatdan bir) yenidən dəriyə sürtülməlidir. 

Yağlı dəri

Əgər dəriniz yağlıdırsa, yağsız və yüngül formulalı günəş kremlərini seçməlisiniz. Məsamələri tıxamayan məhsullar dərinin yağlılığını artırmadan günəşdən qorunmanı təmin edir.

Quru dəri

Dəriniz qurudursa, nəmləndirici xüsusiyyətlərə malik günəş kremlərindən istifadə edin. İntensiv nəmləndirən və qidalandıran formulalar dərinizin qurumasının qarşısını alır və qoruyucu qat yaradır.

Həssas dəri

Dəriniz həssasdırsa, parfüm və kimyəvi qatqıları olmayan, hipoalergik və dermatoloji testlərdən keçmiş günəş kremlərini seçin.

Sızanaqlı dəri

Əgər sızanaqlara meylli dəriniz varsa, məsamələri tıxamayan və yağsız günəş kremlərini seçməlisiniz. Sızanağa səbəb ola biləcək yağlı və ya ağır tərkibli kremlərdən qaçmaq lazımdır. Matlaşdırıcı xüsusiyyəti olan məhsullarla da dərinizin parlaqlığına nəzarət edə bilərsiniz.

Rəngli dərilər 

Dəriniz rənglidirsə, dəri çalarını bərabərləşdirən günəş kremləri seçməlisiniz. Rəngli günəş kremləri dəri çalarını tarazlamaqla yanaşı dərinizi də qoruyacaq. 

Günəş kremi alarkən son istifadə tarixinə diqqət yetirin.Əgər dəriniz çox tərləyir və ya su ilə çox təmasda olursunuzsa, tərə və suya davamlı günəş kremi almağınız məqsədəuyğundur.

Banu