“Gürcü müxalifəti İvanişvilinin sövdələşmə təklifini rədd edib” – Mamuka Xazaradze

“Müxalifət parlament seçkilərinin saxtalaşdırıldığını elan edəndə “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili vasitəçiləri ilə “Güclü Gürcüstan” koalisiyasına sövdələşmə təklif edib, lakin rədd cavabı alıb”. 

Jan 17, 2025 - 10:18
“Gürcü müxalifəti İvanişvilinin sövdələşmə təklifini rədd edib” – Mamuka Xazaradze

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu koalisiyanın liderlərindən biri, “Lelo” partiyasının təsisçisi Mamuka Xazaradze “TV Pirveli”nin efirində deyib.

“Siz necə düşünürsünüz, Bidzina İvanişvili bizimlə əlaqə saxlamağa cəhd etməyib? Əlbəttə ki, o, hər yerdə cəhd etdi. Onun iki cəhdi oldu, amma dərhal cavabını aldı (...): şəxsən onunla və ölkəni bataqlığa sürükləyən adamlarla heç bir sövdələşmə olmayacaq”, - deyə Xazaradze bildirib. 

Gürcü siyasətçisinin sözlərinə görə, bu, seçkilərdən dərhal sonra olub. “Seçkilərdən sonra adam göndərdi. Bizim müxalifətin, xüsusən də prezidentin bu seçkiləri və hakimiyyəti qeyri-legitim elan edəcəyimizi düşünməmişdi. Bu, onun üçün ilk şok oldu”, - deyə siyasətçi əlavə edib.

O, təklifin təfərrüatlarını açıqlamasa da, deyib ki, İvanişvilinin məqsədi “seçkiləri 2021-ci il xətti ilə həll etmək” idi. O zaman da müxalifət seçkinin nəticələrini tanımamışdı. Lakin Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir sıra şərtlərlə “Gürcü arzusu” ilə razılaşaraq parlamentin boykotuna son qoymağa razı oldu. Sonradan hakim partiya müxalifəti sazişə əməl etməməkdə günahlandıraraq razılaşmadan geri çəkildi.

Qeyd edək ki, “Lelo” partiyasının təsisçisi İvanişvilinin sövdələşmə təklifindən danışan ilk müxalifət lideri deyil. Bundan öncə “Dəyişiklik naminə Koalisiya”dan Nika Qvaramiya noyabrın ortalarında bildirmişdi ki, İvanişvilinin vasitəçisindən təklif alıblar. Bu təklif müxalifətin deputat mandatlarından imtina etməyəcəyi təqdirdə, baş nazir İrakli Kobaxidzenin istefaya və siyasətdən gedəcəyi ilə əlaqədar olub. 

Xatırladaq ki, ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri parlamentə keçən dörd müxalifət partiyasının heç biri tərəfindən tanınmayıb. Hazırda parlamentdə yalnız “Gürcü arzusu”nun deputatları iclas keçirirlər. 

Xatirə SADİQ