Gürcü səfir Moldova XİN-ə çağırıldı - "Kobaxidze niyə elə deyib?"
Gürcüstan səfirliyinin müvəqqəti işlər vəkili David Boçorişvili Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
SAVASHMEDİA.az Moldova KİV-nə istinadən xəbər verir ki, buna səbəb Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Moldovada keçirilən prezident seçkiləri ilə bağlı Budapeştdəki açıqlamaları olub.
“Moldova tərəfi Gürcüstan baş nazirinin ictimai çıxışında Moldovanın Avropaya inteqrasiyası və ölkəmizdəki seçki prosesi barədə təhrif olunmuş və yolverilməz üslubundan dərin narazılığını ifadə edib”, - deyə XİN-dən bildirilib.
Xatırladaq ki, noyabrın 7-də Avropa Siyasi Birliyinin Budapeşt sammitində iştirak edən Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində ölkəsindəki parlament seçkilər ilə bağlı ittihamları şərh edib.
Kobaxidze deyib ki, əgər araşdırma aparmaq lazımdırsa, bunu, oktyabrda Avropaya inteqrasiya ilə bağlı konstitusiya referendumunun və prezident seçkilərinin keçirildiyi Moldovada aparmaq lazımdır.
“Gördüyünüz kimi, Moldovada seçki prosesində kifayət qədər ciddi qanun pozuntularının olmasına baxmayaraq, orada heç bir araşdırma aparılmır. Eləcə də ABŞ-də, seçki prosesinin hansı rejimdə keçdiyini gördünüz. Əgər haradasa araşdırma aparmaq lazımdırsa, o zaman başqa ölkələrdən başlamalıyıq”, – Kobaxidze jurnalistlərə deyib.
Xatirə SADİQ