Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa hazırlaşır? – Hakim partiyadan kritik açıqlama
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze Gürcüstanın guya konfederasiyaya çevriləcəyinə razılıq verməsi barədə xəbərləri təkzib edib.
O, bəyan edib ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa hazırlaşmır.
SAVASHMEDİA.az gürcü KİV-ə istinadla xəbər verir ki, Mdinaradze yayılmış iddiaları təkzib edib:
“Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanımaqla və Gürcüstanı konfederal strukturuna keçirməklə ölkəni birləşdirəcək. Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir, o cümlədən konfederasiyaya razılıq müzakirə edilmir. Bu, işğal faktının tanınması demək olardı”.
Xatırladaq ki, Gürcüstanın hakim partiyası elan edib ki, bir sıra məsələlərin həlli üçün oktyabrın 26-da keçiriləcək parlament seçkilərində çoxluğu əldə etmək vacibdir. Qeyd edilib ki, ölkəni sülh yolu ilə birləşdirmək mümkün ola bilər və bu halda konstitusiya səviyyəsində Gürcüstanda idarəetmə sistemini və ərazi quruluşunu yeni reallıqlara uyğunlaşdırmaq lazım gələcək.
Partiya Abxaziya və Cənubi Osetiya ilə bağlı konstitusiyaya hansı dəyişikliklərin qəbul edilməsinin nəzərdə tutulduğunu açıqlamayıb. Eyni zamanda, bəzi ekspertlər və müxalif siyasətçilər hesab edirlər ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağı planlaşdırır.
Oğuz