ABŞ ilə müqavilələrin ləğvi nə vəd edir? – Zərdüşt Əizadə və Natiq Cəfərlinin şərhi
Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək Azərbaycan-ABŞ münasibətlərinin yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında qüvvədə olan bəzi müqavilələrə xitam verilməsini təklif ediblər.
Deputatlar ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsini, o cümlədən yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılmasını, həmçinin ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını xahiş ediblər.
Politoloq Zərdüşt Əlizadə mövzunu SAVASHMEDİA.az-a şərh edib:
"Bir neçə gün əvvəl Prezident İlham Əliyev qeyd etdi ki, amerikaıə konqresmenlərinin müraciəti ABŞ Dövlət Departamentinin qurğusudur. Dövlət Departamenti bir qrup şəxsin dili ilə Azərbaycanla bağlı təklif irəli sürüb. Azərbaycan Milli Məclisinin deputatlarının kimlərdən ibarət olduğunu nəzərə alaraq deyə bilərəm ki, Prezident Administrasiyası da oxşar addımı atıb. Bu, rəhbər şəxslərin bir-birinə olan münasibətinin göstəricisidir. Bəli, ABŞ çox ədalətsiz mövqe tutub. Bu, onların dövlət maraqlarına uyğundur. Yeri gəldikdə rəsmi Vaşinqton erməniləri saymır, adam yerinə qoymur. Amma hansısa məsələdə maraqlardırlarsa, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər".
Politoloq hesab edir ki, yərəflər müqavilələrin pozulmasından nəsə itirməyəcək:
"Azərbaycanın gəlirləri Qərbdədir. Orada villalar alınıb, banklara xeyli miqdarda pul qoyulub. Onlar Azərbaycandan müxtəlif yolla istifadə edirlər. Məsələn, Əfqanıstanda müharibə gedəndə ABŞ Azərbaycan ərazisindən istifadə etdilər, İranın ölkəmizə qarşı münasibətini nəzərə alıb, bizə müəyyən avadanlıqlar verdilər. İndi artıq bir çox məsələ həll olunub. Ölkələr arasında əldə olunmuş müqavilələrdən imtina olunsa, itirən tərəf olmayacaq".
Ekspert qeyd edib ki, Azərbaycan ABŞ-nin hikkəsinə eyni tərzdə cavab verdi:
"Bu, Azərbaycanın ABŞ-nin hayasız mövqeyinə eyni tərzdə cavab verməsi idi. Baxın, Birləşmiş Ştatların bizə qarşı səsləndirdiyi bəzi iddialar tamamilə ədalətsiz və əsassızdır. Məsələn, ermənilərin guya Qarabağdan qovulması, etnik təmizləmə və s. kimi ittihamlarda məntiq yoxdur. Ermənilər etdiklərinə görə cəza alacaqlarından qorxaraq ərazilərimizi tərk etdilər. Ancaq onların insan haqları, seçkilərlə bağlı fikirləri, məhkəmələrin sifarişli qərarları ilə bağlı dedikləri doğrudur. Azərbaycanda 99 % insan seçkilərin necə keçdiyini bilir. Lakin dediyim kimi, Amerika öz maraqlarına görə bu addımları atır. Yoxsa, onlar üçün dəyərlər sadəcə boş şeydir. ABŞ-nin bu addımını səmimi qəbul edənlər səfehdir".
ReAL partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli də düşünür ki, indiki durum ölkəmizə qarşı haqsız mövqenin nəticəsidir:
"Bəzi Qərb dövlətlərinin və rəsmilərinin, həmçinin konqresmenlərin və təşkilatların bizə qarşı haqsız mövqeyinin nəticəsidir ki, Azərbaycan son zamanlar onlara qarşı aqressiv tondan istifadə edir. Ərazi bötüvlüyümüzü və dövlət suverenliyimizi bərpa etdikdən sonra ermənilər ölkəmizi könüllü şəkildə tərk edib. Bundan sonra bizə qarşı əsassız və məntiqsiz arqumentlər irəli sürüldü. Təbii ki, burada erməni lobbisinin də ciddi təsiri var. Bizi bir sual düşündürməlidir; haqlı olduğumuz təqdirdə, öz haqqımızı niyə müdafiə edə bilmirik? Ancaq bunun üçün yaxşı fürsət var. Rusiyanın Ukraynaya təcavüzü bizim üçün yetərli arqumentdir. Sual etməliyik ki, dünyanın əksər ölkəsi oxşar məsələdə Ukraynaya dəstək olur, ancaq bizə qarşı münasibət fərqlidir".
Natiq Cəfərli hesab edir ki, ölkələr arasında gərginlik müvəqqətidir:
"Ölkələr arasında əməkdaşlığın dayandırılmasından danışdıqda isə burada emosional yox, rasional davranmağa ehtiyac var. Məsələn, USAID-in elə layihələri var ki, regionlarda yeni iş yerlərinin yaranmasına səbəb olub. Belə ki, Şəki şəhəri yaxınlığında farel balıqları üçün ferma var. Onlarla insan işlə təmin olunur. Belə layihələrdən niyə imtina edək? Düşünürəm ki, gərginlik müvəqqətidir. Düzdür, ABŞ və Qərb erməni məsələsində haqsız mövqe sərgiləyir. Ancaq digər məsələləri - insan haqlarındakı pozuntuları və s. problemləri ABŞ və ya Qərb üçün yox, öz gələcəyimiz üçün aradan qaldırmalıyıq".
Yağmur