Gürcüstan müxalifəti AŞPA-ya müraciət etdi – “Təsdiqləməyin...”

Gürcüstan müxalifəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyini Gürcüstan nümayəndə heyətinin mandatlarını təsdiq etməməyə çağırıb.

Jan 9, 2025 - 16:46
Gürcüstan müxalifəti AŞPA-ya müraciət etdi – “Təsdiqləməyin...”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bununla bağlı müxalifətin məktubu AŞPA sədri Teodoros Rusopulosa ünvanlanıb. 

Məktubda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu” partiyası tərəfindən saxtalaşdırıldığı, demokratik standartların və konstitusiya prinsiplərinin pozulduğu iddia edilib. Müraciət müəlliflərinin fikrincə, seçkilər nəticəsində formalaşan parlament və onun seçdiyi prezident qeyri-legitimdir və xalqın iradəsini əks etdirmir.

Müxalifət nəzərə çatdırıb ki, Gürcüstan nümayəndə heyəti yalnız “Gürcü Arzusu”nun nümayəndələrindən ibarət birpartiyalı olacaq və hətta onların arasında beynəlxalq sanksiyalara məruz qalmış şəxslər də ola bilər.

Məktub müəllifləri xəbərdarlıq ediblər ki, “Gürcü arzusu” nümayəndə heyətinin tanınmasından “rejimini legitimləşdirmək üçün” istifadə edə bilər.

Müraciəti “Birlik – Milli Hərəkat”, “Dəyişiklik naminə Koalisiya” və “Güclü Gürcüstan” partiyalarının liderləri imzalayıblar. Onların arasında parlamentdə təmsil olunan “Gürcüstan naminə Qaxariya” müxalifət partiyasının lideri yoxdur. “Gürcüstan Naminə Qaxariya” partiyasından bildirilib ki, onlar ATƏT-ə öz məktub variantlarını göndəriblər. Həmin variantla qalan müxalifət razılaşmayıb. Onların sözlərinə görə, məktubda yalnız Avropa Şurasının səlahiyyətlərinə aid olan məsələləri sadalayıblar.

Xatirə SADİQ